Krım uğrunda savaş Ukrayna uğrunda savaşdır-Ukraynanın Xarici İşlər naziri Dmitriy Kuleba
Krım uğrunda savaş Ukrayna uğrunda savaşdır-Ukraynanın Xarici İşlər naziri Dmitriy Kuleba
10.09.2021 Elxan Şahinoğlu Tərəfindən

Ukrayna 7 il əvvəl Krımı müqavimət aparmadan itirdi, yarımada uğrunda savaşa bilmədi, Kiyev qarışmış, ordu dağılmış, Rusiya pasportu olan müdafiə naziri Moskvaya qaçmışdı.

Bəziləri hesab edirdi ki, Kiyev Krımın ilhaqını həzm edəcək, əsas diqqəti Donbass uğrunda mübarizəyə yönəldəcək. Bəlkə də keçmiş prezident Petro Poroşenkonun dövründə bu belə idi. Ancaq hazırki prezident Vladimir Zelenski Donbass qədər Krım mövzusuna da diqqət göstərir. Zelenski bu məqsədlə avqustun son günlərində Kiyevdə müxtəlif dövlətlərin təmsilçilərinin iştirakıyla “Kırm platforması” adında sammit keçirdi. “Krım platforması” daimi xarakter daşıyacaq.

Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba bugünkü açıqlamasında deyib ki, Krım uğrunda savaş Ukrayna uğrunda savaşdır: “Əgər yarımadanın geri qaytarılması uğrunda mübarizədən geri addım atsaq Ukrayna adlı dövlət olmayacaq”.

Zelenski və onun komandası haqlıdır, Rusiyaya boşluq vermək olmaz, Kremlin “parçala və hökm sür” siyasətinin ona baha başa gəldiyini addımbaşı anlatmaq və əyani göstərmək lazımdır. Bunlar bizə də aiddir. Azərbaycan rəsmiləri Kremli qıcıqlandırmamaq üçün “Krım platformasın”a qatılmadılar. Kreml isə bunun əvəzində Azərbaycana qarşı təxribatlarına ara vermədi. Ona görə də Azərbaycanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında” məsələnin BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəminə daxil edilməsinə səs verməsi doğru qərardır. Biz dostlarımızın və tərəfdaşlarımızın yanında olmalıyıq, dar gündə onlar bizə dəstək verirlər.

Siyasi şərhçi Elxan Şahinoğlu

Visiontv.az