KOBİA “Onlayn B2G Forum”da təmsil olunub
13.10.2021

“Caspian Energy Club”un təşkilatçılığı ilə növbəti “Onlayn B2G Forum” keçirilib. Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının reallaşdırılması və bu ərazilərə investisiya qoyuluşu sahibkarların iştirakı ilə müzakirə edilib, onların təklifləri dinlənilib.

Forumda iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialına malik olması həmin ərazilərdə müxtəlif sahələri əhatə edəcək yeni biznes layihələrinin reallaşmasına və sərmayələrin cəlb edilməsinə şərait yaradır. “Sahibkarların iştirakı ilə keçirilən bu forum Qarabağın zəngin iqtisadi potensialının reallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu ilə bağlı biznes subyektləri ilə müzakirələrin aparılması və onların təkliflərinin dinlənilməsi üçün əhəmiyyətli platforma rolunu oynayacaqdır. 2020-ci ilin dekabr ayından etibarən Agentlik işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən müraciətləri qəbul etməkdə davam edir. İndiyədək işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, 28 ölkədən 226 layihə təqdim edilib”.

Forumda həmçinin, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.