Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ
11.03.2021

Martın 12-də paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar çovğun olacağı və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.  Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda sürücülərə sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları tövsiyə edilir.

“Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik.

Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - məlumatda qeyd edilib.