Kassasiya şikayəti verilməsinə iddianın və əmlakın qiymətindən asılı olaraq məhdudiyyət qoyulur
24.06.2021

Mülki və kommersiya mübahisələrinə dair işlər üzrə kassasiya şikayəti verilməsinə iddianın və əmlakın qiymətindən asılı olaraq məhdudiyyət qoyulur.

Visiontv.az-ın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

Layihəyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq 10 min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.