Jurnalistika ilə hakimiyyət, dövlət idarəçiliyi arasında klassik bir ziddiyyət mövcuddur
Jurnalistika ilə hakimiyyət, dövlət idarəçiliyi arasında klassik bir ziddiyyət mövcuddur
23.02.2021 Alqış Musayev Tərəfindən

Jurnalistika ilə hakimiyyət, dövlət idarəçiliyi arasında çox-çox əvvəllərə, mətbuatın yarandığı günə qədər gedib çıxan klassik bir ziddiyyət mövcuddur.

Bu ziddiyyətin mahiyyətində nə dayanır?

Əslində, jurnalistika ilə idarəçilik bir-biri ilə daban-dabana zidd dəyərlərlə fəaliyyət göstərən əraziləridir.

Hakimiyyət idarəçiliyi bir qayda olaraq həmişə direktivlərlə tənzimlənir, göstərişlərə əsaslanır. Nəzərə almaq lazımdır ki, hər bir peşə öz xarakterini onun daşıyıcısına təlqin edir. Nəticədə nə alınır? Direktivlərlə, tapşırıqlar əsasında fəaliyyət göstərən məmurda təbii olaraq belə bir təsəvvür yaranır ki, hamı, o cümlədən jurnalistlər də, mətbuat da onun kimi direktivlərlə yazmalı, müəyyən standartlar çərçivəsində düşünməlidir. Bu, əlbəttə ki, çox yanlışdır. Həm də çox təbii və başadüşüləndir.

Hakimiyyət idarəçiliyindən fərqli olaraq mətbuat direktivlərlə işləmir. Jurnalist öz fəaliyyətini göstərişlər üzərində qurmur.

O, hər şeyə yaradıcı yanaşır. Nəticədə jurnalist də öz fəaliyyət prinsipi ilə dövlət idarəçiliyinə yanaşır, məmurdan hər şeyə yaradıcı münasibət tələb edir.

Bax, bu həm mətbuatın, jurnalistin yanlışıdır, həm də başadüşülən və təbiidir.

Ancaq bu cür qarşılıqlı gözləntilərin reallaşması isə heç cür mümkün deyil. Dövlət idarəçiliyi yaradıcılıq təşkilatlarının prinsipləri ilə fəaliyyət göstərə, məmur da jurnalist kimi davranış nümayiş etdirə bilməz.

Alqış Həsənoğlu