İslahatların uğurla baş tutmasında Parlamentin rolu - deputat Hikmət Babaoğlu
İslahatların uğurla baş tutmasında Parlamentin  rolu - deputat Hikmət Babaoğlu
10.03.2021 Hikmət Babaoğlu Tərəfindən

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası(YAP) İdarə heyətinin üzvü Hikmət Babaoğlu Azərbaycanda həyata keçirilən islahatların uğurla baş tutması və daha da dərinləşməsində Parlamentin özünəməxsus yeri və rolu olduğunu deyib.

O Visiontv.az-a verdiyi açıqlamada bildirib ki, Parlamentarizmin ən yeni tarixini sırf siyasi münasibətlər kontekstində qiymətləndirməyə çalışsaq görəcəyik ki, bu tarix həm də siyasi dialoq və əməkdaşlıq tarixi kimi də qiymətləndirilə bilər:

“Çünki demokratik cəmiyyətlərdə ənənəvi olaraq parlamentlər xeyli sayda müxtəlif siyasi partiyalardan təşkil olunur ki, buradakı təmsilçilik proporsiyasını da xalqın iradəsi, yaxud elektoratın səsi təyin edir. Ona görə də vahid fəaliyyət məkanı özlüyündə bu fəaliyyətin səmərəli təşkili üçün əməkdaşlıq tələb edir. Bu da dialoqsuz mümkün deyil. Bu mənada hətta siyasi sistem qarşıdurma vəziyyətində olsa belə, əksər hallarda parlamentlər əsasən dialoqa köklənmiş olurlar. Dolayısıyla Parlament siyasi münasibətlərdə dialoq mühitini yaratmaq üçün ortaq məkan olmaqla həm də siyasi gərginliyi azaldan, onu amartizə edən siyasi yastıq rolunu oynayır. Bundan başqa nəzərə almaq lazımdır ki, Parlamentdə təmsil olunan hər bir siyasi partiya əslində xalqdan mandat almaqla bu təmsilçilik hüququnu qazandığı üçün paralel olaraq cəmiyyətin müəyyən hissəsini də dialoq ovqatına kökləyə bilir. Bununla da dialoqdan kənarda olan partiyalar üçün də bir növ nümunə yaxud rol model təşkil edir. Yəni öz fəaliyyəti ilə siyasi dialoqu təşviq və motivasiya edir. Nəticədə bütövlükdə siyasi sistemdə əməkdaşlıq platformasının çərçivəsi daha da genişlənmiş olur. Elə Azərbaycan təcrübəsi də bu mənada istisna təşkil etmir”. 

Hazırda Azərbaycan Parlamentində 10-dan çox siyasi partiyanın təmsil olunduğunu xatırladan deputat bunun da yuxarıda səsləndirilən məntiqə əsasən artıq özlüyündə dialoq platforması yaratdığını söyləyib:

“Hamıya məlumdur ki, Milli Məclisin hazırkı tərkibi məhz 2018-ci ildən sonra Azərbaycanda daha da dərinləşən siyasi islahatlar kontekstində reallaşıb. Ölkəmizdə hakim Yeni Azərbaycan Partiyası öz sədri, Prezident İlham Əliyevin islahatlar siyasətinə dəstək məqsədilə Parlamentin özünü buraxması və növbədənkənar seçkilərə getməsi haqqında qərar qəbul edib. Beləliklə siyasi islahatların miqyası və əhatəsi daha da genişlənib. Ancaq bu da məsələnin hamısı deyil. 2020-ci il Parlament seçkilərindən sonra yaranan yeni siyasi reallıq həm də parlamentarizm tariximizdə müxalifət partiyaların yeni iyerarxik strukturunu formalaşdırıb. Nəticədə bu yeni model bütövlükdə qeyri-parlament müxalifətinə də pozitiv ismarış verməklə siyasi sistemin sosial seqmenti funksiyası rolunu oynamağa başlayıb. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev yeni tərkibdə formalaşan Parlamentdə çıxış edərkən bu hadisəni Parlamentarizm tariximizdə yeni siyasi konfiqurasiya kimi xarakterizə etməklə onu yüksək qiymətləndirdi. Çox keçmədən bu pozitiv siyasi hadisə bir növ siyasi tendensiyaya çevrilməyə başladı və nəticədə Vətən müharibəmizdə tarixi qələbəmizin əldə edilməsində milli gücümüzü real əsaslarda artıran faktorlardan birinə çevrildi. Bildirmək istəyirəm ki, biz bu gün Azərbaycan model kimi səciyyələndirə bildiyimiz islahatların uğurla baş tutması və daha da dərinləşməsində Azərbaycan Parlamentinin özünəməxsus yeri və rolu olduğunu əminliklə deyə bilərik”.