İşçilərinin 80 faizi COVİD-19-a qarşı vaksinasiya olunması tələb edilən müəssisələr müəyyənləşib
26.07.2021

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Visiontv.az xəbər verir ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:
- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
- bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;
- ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;
- yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin

SİYAHISI

  1. Kommunal sahə üzrə:
    1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
    2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
    3. tullantıların yığılması, emalı və məhv edilməsi.
  2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
    1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
    2. liman xidmətləri;
    3. logistika xidmətləri;
    4. telekommunikasiya və rabitə xidmətləri;
    5. poçt və kuryer fəaliyyəti.
  3. Sosial sahə üzrə:
    1. sosial xidmətlərin göstərilməsi;
    2. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
  4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
    1. topdan və pərakəndə ticarət;
    2. ictimai iaşə;
    3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
  5. Turizm sahəsi üzrə:
    1. mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;
    2. səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.