“İranda yaşayan soydaşlarımız öz taleləri ilə bağlı özləri qərar verməlidirlər…”
“İranda yaşayan soydaşlarımız öz taleləri ilə bağlı özləri qərar verməlidirlər…”
29.11.2022 MEDİA Tərəfindən

29 noyabr 2022 – ci il tarixində Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının Şimali Azərbaycan olması təklifi ilə çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək: “Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”.

Bu barədə politoloq İlqar Vəlizadə Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:


“Düşünürəm ki, Azərbaycanın adı dəyişdirilməməlidir. Azərbaycan Respublikası olaraq qalmalıdır. Çünki, Azərbaycan Respublikası bütün Azərbaycanlıların ölkəsidir. Ölkənin adının dəyişdirilməsi ilə biz sanki, belə bir mesaj yayımlayırıq ki, Şimali Azərbaycan yalnız şimalda yaşayan azərbaycanlıların ölkəsidir.

Əlbəttə ki, bu belə deyil. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə deyib ki, biz Azərbaycan Respublikası olaraq Azərbaycan hüdudlarından kənarlarda yaşayan soydaşlarımızın da ölkəsiyik. O cümlədən Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün də bu belədir. Lakin bu o demək deyil ki, bütün soydaşlarımız Azərbaycana köçüb yaşamalıdırlar.

Azərbaycan Respublikasının adının dəyişdirilməməsinin siyasi əhəmiyyəti də ondan ibarətdir ki, bəli biz bütün azərbaycanlıların maraqlarını ifadə edən ölkəyik. Əlbəttə ki, İranda yaşayan soydaşlarımızın da tarixi, mədəniyyəti hətta köklü ideologiyası Azərbaycanla bağlıdır. İranda yaşayan soydaşlarımız öz taleləri ilə bağlı özləri qərar verməlidirlər.

Təbii ki, bütün bu proseslərdə Azərbaycan da onlara dəstək verməlidir.”

Bünyamin Bünyadzadə
Visiontv.az