İran nüvə silahı əldə etməyə çalışır- Nyut Qinqriç
19.07.2024

“Amerikaya ölüm” deyən İrandakı dini diktatura hökuməti nüvə silahı əldə etmək ərəfəsindədir.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç xəbərdarlıq edib.

O, ABŞ və başqa dövlətləri Tehran hökumətinin bu istiqamətdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, son vaxtlar İranın uranın zəngiləşdirilməsi və nüvə silahı əldə etməyə yaxınlaşması ilə bağlı xəbərdarlıqlar artıb.

Bir neçə gün əvvəl ABŞ-in 9 beyin mərkəzinin birgə bəyanatında bildirilib ki, İran atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır.

"İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir",- bəyanatda bildirilib.

Bəyanatda deyilib ki, dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəltdiyi bir vaxtda Tehran davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırıb.

visiontv.az