İran mediasında manipulyativ analiz: Azərbayacan qarşı yenidən əsassız ittihamlar səsləndirildi
19.11.2025

Tehran Universitetinin professoru və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan ekspert Əhməd Kazemi “İran diplomatiyası” saytında dərc olunan yeni məqaləsində “Tramp marşrutu” layihəsi barədə qərəzli fikirlər səsləndirib.

Kazemi yazır ki,  Nikol Paşinyan ABŞ ilə birlikdə bu marşrutu 49 və ya 99 il müddətinə icarəyə götürmək modelini nəzərdən keçirir və layihənin idarə edilməsində hər iki ölkənin konsorsium şəklində təmsil olunacağını iddia edir.

Onun sözlərinə görə,  Tramp marşrutu elektrik ötürücü xətlərdən tutmuş qaz kəmərlərinə qədər geniş enerji infrastrukturunu əhatə edəcək.

Kazemi daha sonra Ermənistanın son illərdəki siyasi kursunu və Qərblə yaxınlaşmasını “NATO-nun Turan dəhlizi planı”, “İranın regiondakı roluna zərbə” kimi iddialarla izah etməyə çalışır.

O, habelə, Bakı, Ankara və İrəvan arasında guya gizli razılaşmaların olduğunu bildirərək müxtəlif geosiyasi ssenarilər ortaya atır.

Ekspertin məqaləsində səsləndirdiyi fikirlər arasında Azərbaycana yönəlmiş bir sıra əsassız iddialar və siyasi manipulyasiyalar yer alır.

O, Azərbaycanla bağlı aşağıdakı cəfəng fikirləri irəli sürür:

• guya Bakı və Ankara “İranın mövqeyini zəiflətmək üçün Zəngəzur dəhlizinə yeni ad seçiblər”;

• guya Azərbaycan Ermənistanla olan danışıqlarda “İranı geosiyasi intriqaya çəkmək” niyyətində olub;

• Sünik bölgəsində əhalinin azalması və köç etməsi Bakının planları ilə əlaqəlidir;

O, habelə, NATO-nun bölgədə plan qurduğunu, Türkiyə, Azərbaycan və Ermənistanın bu layihəyə xidmət etdiyini iddia edir.

Professor bölgədə gedən proseslərin “İranın Qafqazdakı qırmızı xətlərinə qarşı yönəldiyini” iddia etməklə yanaşı,  Rusiya,  Çin,  Hindistan və digər ölkələrin gələcək reaksiyasının bu layihələri dəyişdirə biləcəyini qeyd edir.

Kazeminin məqaləsi bütövlükdə Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur dəhlizi, regional əməkdaşlıq və enerji siyasəti ilə bağlı bir çox manipulyativ yanaşmalar ehtiva edir.

Onun Azərbaycana qarşı səsləndirdiyi fikirlər mahiyyət etibarilə siyasi təxribat xarakteri daşıyır.

visiontv.az