İranın Ermənistanın Qafan şəhərindəki baş konsulu Murtaza Abedin Vəramin Zəngəzur bölgəsindən keçən “Tramp marşrutu” haqda danışarkən deyib ki, Ermənistan öz sərhədlərinə nəzarəti əlində saxlamalıdır. Onun sözlərinə görə, Cənubi Qafqazda sərhəd dəyişikliyinə yol verilməməlidir.
Vəramin vurğulayıb ki, Ermənistan və İran iki qədim dövlətdir və hətta bəzi şərq qonşuları olmayanda belə mövcud olub. O, İrəvan və Tehranın öz problemlərini müstəqil şəkildə həll etmək gücünə malik olduğunu söyləyib.
“Vaşinqtonda imzalanmış sənəd bir çox suallar doğurur və onun mahiyyətini tam anlamaq üçün vaxt lazımdır. Hazırda tərəflər arasında məlumat mübadiləsi və müzakirələr aparılır, lakin “şeytan təfərrüatlardadır”, - baş konsul iddia edib.
İran prezidentinin yaxın vaxtlarda Ermənistana səfəri edəcəyini bildirən Vəramin qeyd edib ki, bu səfərdən sonra bölgədə hansı dəyişikliklərin baş verəcəyi daha aydın olacaq.
visiontv.az