İran da, Ermənistan da əvvəl-axır yeni reallıqlarla barışmalıdır
İran da, Ermənistan da əvvəl-axır yeni reallıqlarla barışmalıdır
14.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Azərbaycanın 44 günlük Vətən müharibəsindən əvvəl işğal altında olan Gorus-Qafan yolunu qələbədən sonra nəzarətə götürməsi və bu yoldan keçən İranın yük maşınları ilə yanaşı sərnişin avtobuslarının da yoxlanılması Ermənistanı da, İranı da hərəkətə gətirib.

Əl-ayağa düşən İran rəsmiləri, Ermənistan parlamentariləri öz narahatlıqlarını müxtəlif formalarda ifadə etməyə çalışır, Azərbaycana qarşı atıla biləcək əks addımları müzakirə edirlər.

Ermənistan parlamentinin bu günlərdə Gorus-Qafan yoluna görə toplaşma ehtimalı da bu fikrimizi təsdiqləyir. Belə ki, Ermənistan parlamentində Gorus-Qafan yolu ilə bağlı müzakirələr keçiriləcəyi gözlənilir.

Bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan açıqlama verib.

Minasyan bildirib ki, "iclasa dövlətin birinci şəxslərinin qatılmasını tələb etmişik. İclas qısa zamanda – bu gün, yaxud sabah keçirilməlidir”.

Erməni deputatlar və rəsmilər arasında yeni reallıqlarla barışanlar da var.

Gorus merinin müavini Karo Koçaryan isə reallıqla barışdıqlarını göstərən bir açıqlama ilə çıxış edib. O bildirib ki, "Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və sərhədçilər bu gündən etibarən İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar”.

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Aqacanyan isə bildirib ki, “Azərbaycanlıların quraşdırdığı polis postu Sovet Azərbaycanın ərazisində yerləşir”.

E.Aqacanyanın bu açıqlaması ölkədə geniş müzakirələrə səbəb olsa da, lakin fakt faktlığında qalır. Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində həqiqətən də polis postu qoyulub. Yəni ki, sosial şəbəkələrdə yayılan həmin postun görüntüləri realdır, feyk deyil. Bu faktı dünən rəsmi qurumlarımız da təsdiqlədilər.

Hazırda burada İrandan Ermənistana gedən və Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına, sərnişin avtobuslarına nəzarət olunur. Onlar gömrük yoxlamasından keçirlər.

Bu yenilik isə İranın da, Ermənistanın da hakim dairələrinin ciddi narahatlığına səbəb olub.

Ancaq onların narahatlığı heç nəyi dəyişməyəcək. Ermənistan parlamenti özüyçün nə qədər müzakirə edir etsin.
İran da, Ermənistan da əvvəl-axır yeni reallıqlarla barışmalıdır.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az