İran da Azərbaycanla hərbi əməkdaşlıq niyyətindədir - Yeni dönəm başlayır
25.01.2022

"İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Füzuliyə gəlməsi, ardınca isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Tehrana səfəri həm iki ölkə arasında münasibətlərin irəliyə doğru daha müsbət notlar üzərində köklənməsi baxımından, həm də mən bunu belə ifadə edərdim ki, regionda təklif olunan çoxşaxəli əməkdaşlıq platformasının bir qolunun daha da sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Bunu  politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, həm Türkiyə-İran, həm Azərbaycan-İran olmaqla ikitərəfli və regional formatda əməkdaşlıq üçün geniş potensial mövcuddur:

"Azərbaycanın yaratdığı reallıq aydındır. Azərbaycan qonşu dövlətlərə konstruktiv münasibətlər üzərində əməkdaşlıq təklif etdiyi kimi qonşu dövlətlərdən də mövcud reallığa uyğun addımlar gözləyir. Çünki bu reallığın birmənalı olaraq geriyə çəkilməsinin mümkün olmadığı kimi, irəliyə aparılaraq bütün regiona sülh, təhlükəsizlik və rifah gətirəcəyi kimi bir fakt mövcuddur. Bu baxımdan da Tehranın rəsmi Bakıya qarşı mövqeyindəki bu nəzərəçarpan mövcud dəyişiklik, münasibətlərin yaxınlaşmasının faydaları sadəcə iki ölkə üçün deyil, ümumilikdə region dövlətləri və xalqları üçün müsbət haldır və faydalıdır.
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Füzuliyə gəlməsi, qısa müddət ərzində Füzuili beynəlxalq hava limanının müasir standartlara uyğun şəkildə inşa edildiyini görməsi İranlı nazirdə aydın təsəvvür yaradır ki, Azərbaycan çıxdığı quruculuq yolunu qətiyyətlə davam etdirir. Bakıya səfəri çərçivəsində iranlı nazirin bir sıra  Azərbaycan rəsmiləri ilə görüşəcəyini və iki ölkə arasında ortaq layihələrin müxtəlif - enerji, sənaye, tranzit, kənd təsərrüfatı və başqa sahələr olmaqla müzakirəsində dərin maraq göstərdiklərini nəzərə alsaq bu, İran-Azərbaycan münasibətlərinin indiki və gələcək perspektivlərinin və kommunikasiyaların açılacağı təqdirdə region xalqlarının rifah halının daha da yaxşılaşdırılmasına istiqamətlənmiş amil kimi qiymətləndirilməlidir.
Eyni zamanda regionda təklif olunan çoxşaxəli əməkdaşlıq platformasının digər qolunun daha da sağlamlaşdırılması baxımından Türkiyə-İran münasibətlərinə də işıq tutmalıyıq ki, bölgədə əməkdaşlıq platforması məhz Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən, yaradılmasının qətiyyəti üzərində dayanılan bir məsələdir. Belə ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Füzuliyə səfəri günü paralel şəkildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı baş tutdu ki, danışıq zamanı səsləndirilən fikirlər, Tehran və Ankara arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin vacibliyini hər iki tərəfin vurğulaması mühüm əhəmiyyət kəsb edir. Türkiyə və İran dövlət başçılarının bir-birinin ölkəsinə səfər reallaşdıracağı təqdirdə bu münasibətlər daha da istiləşə bilər ki, bunu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Tehrana səfər etməkdə maraqlı olduğunu bildirməsində görmək olar. Ərdoğanın telefon danışığı zamanı bir məqamı qeyd etməsi olduqca vacibdir ki, Türkiyə İran İslam Respublikası ilə əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq sahələrinin siyahısını hazırlayıb. Xüsusilə, enerji tədarükü məsələsində bu əməkdaşlıq daha da cəlbedici görünür. 

Bundan əlavə, digər çox önəmli məsələ Ərdoğanın Türkiyənin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planlaşdırdığını bildirməsi idi. Yəni,həm Türkiyə-İran, həm Azərbaycan-İran olmaqla ikitərəfli və regional formatda əməkdaşlıq üçün geniş potensial mövcuddur".

Milli.az