“Tinn.ir” saytı yazıb ki, dünən Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri Hadi Müqəddəmzadə Səhiyyə Nazirliyinin və Təbriz Tibb Elmləri Universitetinin rəsmiləri ilə görüş keçirib.
Məlumata görə, görüşdə Hadi Müqəddəmzadə Culfa-Kəlalə birgə terminal planının nəzərdən keçirildiyini açıqlayıb. Bu plan, regional iqtisadi əməkdaşlığı möhkəmləndirmək və İranın şimal-qərbinin geosiyasi potensialını istifadə edərək Azərbaycan və Ermənistanla ilk birgə Azad İqtisadi Zonasının formalaşmasına zəmin yaratmağı hədəfləyir.
Müqəddəmzadə, Araz bölgəsinin Ermənistan, Azərbaycan və onun Naxçıvan bölgəsinin qovşağında yerləşməsinin ticarət, enerji, turizm və səhiyyə sahələrində yeni imkanlar yaratdığını vurğulayıb. O, biotexnologiya və elmi səhiyyə infrastrukturunun inkişafı üçün bölgədə zəminin yaradıldığını da qeyd edib.
İdarə Heyətinin sədir Culfa və Nurduz sərhədlərinin strateji əhəmiyyətini önə çəkərək, Azərbaycanla birgə Azad İqtisadi Zona qurulması üçün yeni yanaşmaların mövcud olduğunu bildirib. O, bu məsələdə, habelə, Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan ilə görüşlər keçirildiyini açıqlayıb.
Müqəddəmzadə, azad zonaların məqsədinin kapital cəlb etmək, məşğulluq yaratmaq və milli iqtisadiyyata töhfə vermək olduğunu qeyd edərək, bu məqsədlərə çatmaq üçün iqtisadi diplomatiyanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, Araz Azad İqtisadi Zonasının və Culfa bölgəsinin səhiyyə sahəsindəki inkişafına xüsusi diqqət ayırdıqlarını bildirib.
visiontv.az