Hökumətin 2030-dakı neft gəlirləri proqnozu necədir? - İlham Şaban
04.02.2021

“BP-Azerbaijan” şirkəti üçün 2020-ci il rentabellik baxımından çox əlverişsiz il kimi yadda qalacaq: AÇG üzrə 174 mln 582 min barel (orta günlük hasilat 477 min barel) neft hasil edilib, cəmi xərcləri isə (nəqletmə kənar) 2 mlrd 248 mln dollar olub, bunun 531 mln dolları əməliyyat xərcləri təşkil edib.

Bir müqayisə aparım: Beş il əvvəl: 2016-ci ildə BP və tərəfdaşları gündəlik 630 min barel nefti hasil etmək üçün 503 mln dollar əməliyyat xərci çəkirdilər.

Ötən il müqayisə dövrünə nisbətən əməliyyat xərcləri 28 mln dollar artsa da, illik hasilat təqribən 55,5 milyon barel azalıb...

Yəni neft hasilatının “əsrin müqaviləsi” üzrə maya dəyəri ildən ilə artır. Bu da özünü ondan qazanılan mənfəətdə göstərir. Mənası odur ki, müqavilə sahəsindən 300 mln tona qədər neftin hasilatının mayası ucuz qiymətə başa gəlirdi, 300-500 milyon ton orta qiymətə, sonrakı həcmlər isə neft xərclərinin YÜKSƏK dövrünə təsadüf edəcək.

Bu da başa düşüləndir:yataq qocalır, qoca yataq yürüşü yüksək olan avtomobilə bənzər - onu işlək vəziyyətdə saxlamaq üçün vəsait sərfiyyatı da adekvat olmalıdır...

2012-ci ildə Hökumət “Azərbaycan-2020” baxışlarına dair bir sənəd qəbul etmişdi. Onun ruhu neftin o zamankı $110+ ab-havasının proyeksiyası idi...

2016-da “Yol xəritələri” təsdiqləndi: neftin vahiməli $40 minus dövrü idi. Düzdür, ENERJİ hissəsi o zaman ictimaiyyətə açıqlanmadı. Ancaq bu gündən baxanda görürəm ki, nə qədər böyük XƏTALAR olub bir beşillikdə..

İndi isə 2030-a baxır Hökumət: hələ ortada heç bir rəqəm və statistika yoxdur, sadəcə prioritetlər var. Arzum budur ki, 10 il sonraya minimal xətalarla yetişək.

Visiontv.az