Hamlet doğrudan da şəhid aktyor idi-Fuad Poladov
05.06.2020

Bu gün teatr və kino aktyoru, Əməkdar artist Hamlet Xanizadənin doğum günüdür.

Xalq artisti Fuad Poladov: "Hamlet doğrudan da şəhid aktyor idi. 20 Yanvar hadisəsi onun dünyadan köçməsini tezləşdirdi. O hadisə hamımıza çox pis təsir eləmişdi. Amma Hamlet heç cürə özünə gələ bilmirdi. Mən onu axtaranda bilirdim ki, gedib Şəhidlər Xiyabanında tapacam. Hər gün baş çəkirdi ora. Bir gün də xəbər gəldi ki, elə orda halı xarablaşıb, xəstəxanaya aparıblar. Gəlib gördük ki, artıq keçinib. "Qətl günü"nü səsləndirməyə də çatmadı. Dəfələrlə "xalq artisti" adına təqdim olunsa da, bu adı ona verməmişdilər.

Halbuki "İblis" tamaşası Dövlət mükafatına layiq görülmüşdü, ondan sonra Hamlet Molla Abbas obrazını canlandırmışdı. Təsəvvür edin ki, Təlxək rolunda çıxış edən aktyora "xalq artisti" adı verirlər, o da Qacar obrazını yaratmış aktyorun - Hamletin başına sağ əlini qoyub deyir ki, sağ əlim sənin başına. Belə məqamlar insanın səhhətində öz izini qoymaya bilməz..."

Visiontv.az