Hamını başına toplayan BAYRAQ! - Jalə Mütəllimova
Hamını başına toplayan BAYRAQ! - Jalə Mütəllimova
09.11.2020 Jalə Mütəllimova Tərəfindən

İndi sənə hamı bürünüb, şəhid də, şahid də! Indi sən, hamıya sevgilisən, qadına da, kişiyə də, yaşlıya da, uşağa da!

İndi sən, ən ucadasan, Şuşada! Indi elə gözəlsən, səni vəsf eləmək olmur! Sən namussan, şərəfsən, haqsan, vicdansan, əxlaqsan, şəxsiyyətimizsən, milli kimliksən! Sancıldığın hər yer VƏTƏNdir!

Aylım, ulduzlum, mavim, al qırmızım, yaşılım! Səmamın aydınlığı, günümün, həyatımın allı, qanlı rəngi, imanımın boyası! Sənə şəhid kimi də, şahid kimi də bürünmək şərəfdir! Sənə büründükcə ruhu təzələnir, başqalaşır adam!

Enmə, heyyy dalğalan, nazlan. Biz də nazını çəkib, qeydinə qalaq! Qarşında üzümüz ağarır, başımız dikəlir yavaş-yavaş… Səndən ötrü nə qədər qan tökməyə, can verməyə hazırın varmış, ay gözəllər gözəli!

Otuz ildir məğlub BAYRAQ, qalib günün mübarək! Sən bizi verib dövlət, xalq etdiyin, bizdən getmədiyin üçün qarşında sayğı duruşunda, təzimdəyik, ucaların ucası! Hamını başına toplayan BAYRAQ!

Səni ucalığa daşıyan əsgərin, Ali Baş Komandanın yanında birləşdi hər kəs. Radikalı, loyalı, küsəyəni, ərköyünü, narazısı qalmadı millətinin. Biri “Şuşa, böyük qələbədir” dedi, biri “ürəyimin şahı dedi” ordunun, xalqın, komandanın bir yumruq kimi qələbəsinin nəticəsinə.

 ...Bir qalır, qisas “Şalaxo”su oynamağımız. Sən başımızın üzərində dalğalan ki, əsirlikdəki insanlarımıza Laçın, Şuşa, Kəlbəcər, Xocalının işğal xəbərini “Şalaxo”ya oynaya-oynaya verirmişlərə, birinci Qarabağ savaşında etdiklərini bir-bir xatırladaq.

 ...Və Rusiya mediası yazır: Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?!

Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində, əlində BAYRAQ qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidi, nə BAYRAĞI əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar. Bayraq gününüz mübarək, qalib gününüz mübarək! Çox yaşa indən sonra, BAYRAQ, VƏTƏN, XALQ, ORDU, DÖVLƏT, lap çox!

Visiontv.az