Gürcüstanda 8 müxalifətçiyə yeni ittihamlar irəli sürülüb
06.11.2025

Gürcüstanda səkkiz müxalifətçiyə sabotaj, hakimiyyətin devrilməsinə çağırış ittihamları irəli sürülüb. Onların altısı həbsdədir: keçmiş prezident Mixeil Saakaşvili, müxalifətçilər Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Caparidze və Elena Xoştariya. İkisi – "Lelo" partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze isə bu yaxınlarda əfv ediliblər.

İttihamlara sabotaj, xarici dövlətin düşmən fəaliyyətinə yardım, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi, eləcə də konstitusiya quruluşunun dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar daxildir.

Xəbəri "Exo Kavkaza" Gürcüstan baş prokuroru Giorgi Qabitaşviliyə istinadla yayıb.

Oktyabrın sonunda hakim "Gürcü Arzusu" partiyası üç əsas müxalifət partiyasının konstitusiyaya zidd elan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişi. Sözügedən "Vahid Milli Hərəkat" partiyasını keçmiş prezident M.Saakaşvili, "Dəyişikliklər Uğrunda Koalisiya"nı onun keçmiş komanda üzvləri N.Qvaramiya və N.Meliya, "Güclü Gürcüstan – Lelo"nu isə iş adamları M.Xazaradze və B.Caparidze yaradıblar.

Hazırda həbsdə olan müxalifətçilər parlamentin istintaq komissiyasına gəlmədiklərinə görə 7 aylıq həbslə cəzalandırıblar. Bu komissiya Saakaşvilinin prezidentliyi dövründə (2004-2012) "Vahid Milli Hərəkat" hökumətinin fəaliyyətini araşdırmaq üçün yaradıb.

Keçmiş prezident M.Saakaşviliyə isə özünün və tərəfdarlarının siyasi saydığı ittihamlarla 2034-cü ilin aprelin 1-dək həbs cəzası kəsilib.

Müxalifət Gürcüstanda ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Ölkədə seçkilərdən sonra etirazlar başlayıb. Hakim "Gürcü Arzusu" 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük danışıqlarını gündəlikdən çıxarmaq qərarı verib. 

İttihamlar

Gürcüstanın baş prokuroru Giorgi Qvarakidzenin dediyinə görə, Ukraynada müharibə başlayandan "Gürcüstan hökuməti sülhün qorunması kursunu seçib və Rusiyaya iqtisadi sanksiyalardan imtina edib". O, bəzi müxalifət partiyalarının liderlərinin (E.Xoştariya, Z.Caparidze və G.Vaşadze) xarici dövlətlərin təmsilçilərinə neft məhsullarının idxalı, Gürcüstanın hərbi sektoru ilə bağlı məlumatlar ötürdüyünü iddia edib. İstintaq bildirir ki, onlar Gürcüstan hava məkanının İrandan Rusiyaya dronların daşınması üçün istifadə edildiyi barədə yalan məlumat yayıblar.

Bundan başqa, prokurorluğun məlumatına görə, Xoştariya, Caparidze və Vaşadze xarici tərəfdaşlara dövlət qulluqçularının siyahılarını, digər sənədləri təqdim edib, Gürcüstan vətəndaşlarına qarşı sanksiyaların tətbiqinə şərait yaradıblar. Bunun nəticəsində vəzifəli şəxslər və iş adamları da daxil, təxminən 300 nəfər sanksiyalara məruz qalıb, - Qvarakidze belə deyib.

Prokurorluq həmçinin adları çəkilən yeddi müxalifət liderinin 2024-cü il parlament seçkilərində məğlubiyyətdən sonra "seçki nəticələrinin saxtalaşdırılması bəhanəsi ilə" küçə etirazlarının radikallaşmasına, inqilaba, hakimiyyətin devrilməsinə çağırdığını bildirir.

Keçmiş prezident M.Saakaşviliyə gəlincə, istintaqın versiyasına görə, o, sosial şəbəkələrdəki hesabları və videomüraciətləri vasitəsilə tərəfdarlarını açıq şəkildə aqressiv müqavimətə, dövlət binalarını ələ keçirməyə, rejimi devirməyə çağırıb.

Etirazçıları bir sıra qeyri-hökumət təşkilatları və beynəlxalq donorların vəsaiti ilə yaradılmış xüsusi fondların maliyyələşdirdiyi iddia olunur.

Prokurorluq M.Xazaradze və B.Caparidze barəsində məhkəmədən girov qarşılığında həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir. Artıq həbsdə olan digər təqsirləndirilənlər barəsində isə ilkin məhkəmə iclasının tarixi müəyyən ediləcək.

Bu ittihamlar üzrə ən uzunmüddətli həbs cəzası Z.Caparidze, G.Vaşadze və E.Xoştariyaya kəsilə bilər. Onlar xarici dövlətə, təşkilata və ya xarici dövlətin nəzarətində olan quruma düşmən fəaliyyətində yardım göstərməkdə ittiham olunurlar. Bu maddədə 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

visiontv.az