Gənclər evlərindən şəhid ailələrinin üzvlərinə psixoloji dəstək
18.03.2021

Gənclər və İdman Nazirliyinin nəzdində olan Gənclər evlərində şəhid ailələri üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyət göstərməyə başlayıb. Vətən müharibəsindən sonrakı 3 ay ərzində Gənclər evlərinin psixoloqları tərəfindən şəhid ailələri üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirilib, 611 şəhid və qazi ailələri ziyarət edilib, onlara mənəvi dəstək göstərilib.

Visiontv.az xəbər verir ki, gənclər evləri tərəfindən sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri tərəfindən Gənclər evlərinin psixoloqları üçün 3-5 mart 2021-ci il tarixlərdə “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranan psixoloji problemlər” adlı təlim keçirilib. Təlimdə Gənclər evlərindən 26 psixoloq iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəzi yaradılıb. İdarələrarası Mərkəzinin nəzdində o cümlədən “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılmışdır. Adıçəkilən İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyasının təşkili nəzərdə tutulub.