Gəncədə Avropa çempionatında yüksək nəticələr qazanmış idmançılarla görüş olub - FOTOLAR
Gəncədə Avropa çempionatında yüksək nəticələr qazanmış idmançılarla görüş olub - FOTOLAR
25.06.2022 MEDİA Tərəfindən

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Şöhrət” ordenli, əməkdar məşqçi Elçin Zeynalov,  məşqçi-müəllimlər və idmançılar iştirak ediblər. 

Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idman sahəsinə olan xüsusi diqqət və qayğısından bəhs edib. Ölkəmizin və şəhərimizin idman şərəfinin ləyaqətlə qorunmasının, bayrağımızın yüksəldilməsinin, himnimizin səsləndirməsinin hər bir şəhər sakini üçün qürurverici olduğunu söyləyən şəhər rəhbəri,  Avropa çempionatında yüksək nəticə əldə edən idmançıları təbrik edərək, onlara yeni nailiyyətlər arzulayıb.  
Həmid Nəsirov görüşdə şəhərin idman sahəsində görülən işlərdən, həmçinin iştirak edən idmançıların nailiyyətlərindən məlumat verib. O, toplantıda iştriak edən idmançıların Avropa çempionatında I,II və III yerlərə layiq görülərək 4 qızıl, 2 gümüş və1 bürünc medalı Gəncə şəhərinə gətirdiklərini bildirib.  

Görüşdə çıxış edən Əməkdar məşqçi Elçin Zeynalov ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məşqçi-müəllimlər və idmançılar adından təşəkkürünü bildirib. 

Sonda xatirə şəkli çəkdirilib. 

Qeyd edək ki, Gəncə şəhərinin yetirmələri Samir İsmayılov Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatında usta cüdoçular arasında I yerə, Turqut Həsənov Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında karate idman növü üzrə II yerə, İmaməddin Xəlilov Bolqarıstanın paytaxtı Sofia şəhərində parataekvondoçular arasında keçirilən Avropa çempionatında II yerə, Sadiq Hüseynov , Vasif Bağırov və Camal Abbasov Rumıniyanın Buxarest şəhərində U -17 arasında keçirilən Avropa çempionatında sərbəst güləş idman növü üzrə I yerlərə, Hüseyn Savadov  Yunan-Roma güləşi üzrə III yerə layiq görülüblər.

Binnət ismayılov
Visiontv.az