Gec ayılan gürcülər...
Gec ayılan gürcülər...
04.02.2023 Bəybala Mirzəyev Tərəfindən

Gürcüstanın Kremlə qarşı ritorikasını sərtləşdirməsi nəyə hesablanıb?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə düz 1 ildir seyrçi münasibət bəsləyən, gözləmə mövqeyi tutan Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın artıq zəifləməyə başladığını, Qərbin isə Ukraynaya daha sıx dəstək verdiyini gördükdən sonra birdən-birə məşhur “Bloomberg” agentliyinə müsahibə vermək fikrinə düşüb və Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. 

Sözügedən müsahibədə ölkəsinin Avropa İttifaqına daxil olmaq planlarından danışan Zurabişvili mövzunu çox ustalıqla Ukrayna müharibəsi ilə əlaqələndirib və bildirib ki, "Ukraynanın gələcəyi ilə bağlı danışıqlar zamanı Gürcüstanın ərazi bütövlüyü məsələsi də danışıqlar masası üzərində olmalıdır. Heç kim Ukrayna böhranının Rusiyanın bütün işğal olunmuş ərazilərdən, o cümlədən Abxaziya və Cənubi Osetiyadan geri çəkilmədən həll oluna biləcəyini düşünməsin”.

Gürcüstan prezidenti “Bloomberg”ə müsahibəsində Rusiyanı Abxaziya və Cənubi Osetiyadan çıxmağa çağırıb və Ukrayna ilə mümkün gələcək sülh sazişinə Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının daxil edilməsini təklif edib.

"Qərb Rusiya qoşunlarının ölkədən kənarda olduğu hər yerdən çıxarılmasını tələb etməlidir. Əks halda, Qərb dünyası daha bir böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdəki kimi”, deyə Zurabişvili bildirib.

Xanım prezident həmçinin müsahibədə Kremlə Rusiyanın sərhədlərini öyrənməyi tövsiyə edib:

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir. Moskva təkcə Rusiya-Ukrayna deyil, həm də Rusiya-Gürcüstan sərhədini də öyrənməlidir". 

Zurabişvilinin birbaşa Putinə ünvanlanmış bu tövsiyyəsi kifayət qədər cəsarətli addım olsa da, ancaq gecikmiş addımdır. 

Gürcü prezidentinin bu addımı onun fürsətçiliyini göstərir. Zelenskinin dəfələrlə israrlı xahişlərinə, çağırışlarına baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan çəkinən və həddindən artrıq ehtiyatlı mövqe tutan gürcü liderin indi birdən-birə bu qədər açıq və sərt ritorikaya keçməsi heç də səmimi təsir bağışlamır. 

Bu çıxış ona hesablanıb ki, Qərb Rusiyaya təslimçi sülh müqaviləsini imzalatdıranda Abxaziya və Cənubi Osetiyanı Gürcüstana geri qaytarmağı da unutmasınlar. 

Beləliklə, 2008-ci ilin avqustunda "5 günlük müharibə"dən sonra Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı ilə barışan Gürcüstan rəhbərliyi indi Ukraynadakı müharibənin nəticələrindən yararlanmağa çalışır (lakin Ukraynaya heç bir dəstək vermədən). 

S.Zurabişvilinin fikirləri Rusiya mediası və siyasi camiəsi tərəfindən hiddətlə qarşılanıb. Qərbdən isə hələlik heç bir reaksiya yoxdur.

Bəybala Mirzəyev

Visiontv.az