Fransa-İran “dostluğu” ikinciyə nə vəd edir? - Jalə Mütəllimova
Fransa-İran “dostluğu” ikinciyə nə vəd edir? - Jalə Mütəllimova
14.12.2020 Jalə Mütəllimova Tərəfindən

İranın rəsmi xəbər agentliyi “İRNA” , “Amad News” xəbər portalının rəhbəri Ruhulla Zamın edam xəbərini yayıb.

Ruhulla Zam əslən iranlıdır. Həbs edilmə səbəblərindən biri kimi siyasi mövqeyi əsas gətirilirdi. Daha dəqiqi o, İranda  2017-ci ilin dekabr, 2018-ci il yanvar etirazlarını fəal işıqlandıran jurnalistlərdəndir.  Qeyd edək ki, Ruhulla Zam həbsinə qədər, siyasi mühacir kimi Fransada yaşayıb. İranlı rəsmilərin dediyi kimi, anti-İran mövqeyini məhz bu ölkədə yaşaya-yaşaya işıqlandırıb. İndi İrana dost görünməyə çalışan Fransa, heç zaman onun bu fəaliyyətinə İranın dostu kimi reaksiya verməyib. Amma günlərin birində, müəmmalı şəkildə İran Parisdə əməliyyat keçirir, müxalifətçi jurnalisti həbs edib Tehrana gətirir. Fransa isə bunu “görmür”.

Bəzi xəbər mənbələri yazır ki, edam edilən müəllif ikili əməkdaşlıq edirmiş. Yəni Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlığa paralel, başqa dövlətlərlə də işbirliyi olub. Buna nümunə kimi onun tez-tez “Amerikanın səsi” radiosunda anti-İran mövqeli çıxışları göstərilir.

“Associated Press”in məlumatında isə maraqlı bir detal diqqəti çəkir. Agentlik R. Zamın uzun müddətdir Parisdə, mühacirətdə yaşadığı qeyd edir və Fransanın reaksiyasızlığını müəmmalı kimi təqdim edir.

Ayrıca qeyd olunur ki, R.Zam müxtəlif dönəmlərdə Cənubi Azərbaycanda yaşayan azəri adlandırılan, türklərin həyat tərzi, onlara qarşı münasibət məsələsini özünə aid media quruluşunda, həmçinin sosial şəbəkə kanallarında zamanla işıqlandırıb.

İddialardan da göründüyü kimi adam qarışıq reputasiyaya malik biri olub. Ancaq yenə də buna rəğmən R.Zamın Cənubi Azərbaycan mövzusuna tez-tez toxunması məsələsi də diqqətdən kənarda qalmır.

Maraqlı olan nədir? Azərbaycanda dekabrın 10-da Dağlıq Qarabağın işğaldan azad edliməsi istiqamətində zəfər paradı keçirilir. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan, məhşur “Ay Laçın” əsərindən bir bəndi və nəqaratı səsləndirir.

Qısa zaman kəsiyində yüksək çinli İran rəsmilərindən bircə bənd ədəbiyyat və musiqi nümunəsinə ard-arda ciddi və sərt reaksiyalar gəlir. Bunun davamı olaraq Türkiyənin İrandakı konsulluğu qarşısında kimlər tərəfindən reallaşdığı məlum olmayan etiraz tədbiri keçirilir. Prosesin davamında Cənubi Azərbaycan ərazisində bir neçə aksiya baş tutur və məlum bəndi cənublular trendə çevirir.

Yəni bütün bu fonda, İranın təqdimatına görə müəmmalı reputasiyası olan, eyni zamanda cənubluların həyatı və onlara münasibətlə bağlı davamlı yazan, danışan, üstəlik bir ilə yaxın məhkəmə istintaqı gedən R.Zamın məhkəmə qərarı təcili elan olunur. O, qərardan dərhal sonra edam edilir.

Heç təsüdüfə oxşamır. Fransa ilə əlbir olub xof yaratmaq, qoşalışıb Türkiyəyə hədə gəlməyə daha çox bənzəyir.  Bu İranla-Fransanın çox pis və daha çox İrana zərər verə biləcək əməkdaşlığıdır. Yəqin ki, bu mövqe yaxınlarda yumşalacaq. Göz qorxutmaq və ya hədə dili, heç zaman keçərli olmur. Bunu Ermənistan Prezidenti Nikol Paşenyanın simasında çox aydın görmək mümkündür. Bu həm də o fonda keçərli deyil ki,  Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatlarda göstərdiyi dost münasibətinə görə İrana minnətdarlığını bildirib. Üstəlik, Azərbaycanın dostları siyahısında İranın adını xüsusi qeyd edib. Eyni zamanda Ermənistana hava yolu ilə yükdaşımaları qadağan etməsindən dolayı, rəsmi Tehrana təşəkkürünü də bildirib.

İndi Fransa-İran “dostluğu” fonunda ortaya çıxan bu hədə-edam, etik görünməyə bilər. Üstəlik nəzərə alsaq ki, E.Makron Avropanın N.Paşenyanıdır, bu əməkdaşlıq heç uyğun sayılmaz. Üstəlik Ermənistan-Fransa qardaşlığı fonunda, İran müsəlman dövləti ilə əməkdaşlığının da sona qədər davam edəcəyi ağlabatan  deyil. Bu olsa olsa Azərbaycan qonşu dövlətlərdən biri ilə ərazi məsələlərindən dolayı İranla münasibətləri bir qədər gərgin saxlamaqla hansısa məqsədini həyata keçirmək cəhdidir.

Hə, bir məqam da olar ki, məsələ Rusiya İmperiyası ilə Azərbaycanın ikiyə bölünməsi üçün imzalanan tarixi sənədlərlə bağlı olar. Məsələn, Türkmənçay müqailəsinin bəzi şərtlərinin yenidən baxılması üçün zamanın yetişməsi məsələsi aktual ola bilər. Situasiyaya baxsaq, Rusiya çoxdan imperiya deyil. Azərbaycan Qarabağı işğaldan azad etməklə, ərazi bütövlüyünü bərpa etməklə gücünü bir qədər də artırmış region dövlətidir. Yəni heç kimin  əsarətində deyil, təsir dairəsində deyil, müstəmləkəsi deyil. Bir çox regional məsələləri onunla məsləhətləşirlər. Belə olan halda Türkənçay müqaviləsinin bəzi məqamları kiminlə məsləhətləşilə bilər? Bir cavab var, təbii ki, Azərbaycanla, qonşularını özünə dost bilən Azərbaycanla, heç kimlə savaşmaq, döyüşmək istəməyən, sülhdən yana olan Azərbaycanla. Bir bənd şerə, bir nəqarata sinir nümayişinə nə lüzum axı?..

Visiontv.az