“Formula 1” Kanada Qran Prisinin qalibi məlum oldu
20.06.2022

"Red Bull" komandasının Hollandiyalı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 9-cu mərhələsi olan Kanada Qran Prisinin qalibi olub.

Visiontv.az xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə yeddiqat dünya çempionu "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Həmilton tutub. O, bu mövsüm ikinci dəfə ilk üçlükdə qərarlaşıb, bundan əvvəl britaniyalı çempionatın birinci mərhələsi Bəhreyn Qran Prisində üçüncü olmuşdur.

“Red Bull”-un digər pilotu, meksikalı Serxio Peres texniki nasazlıq səbəbindən yarışı tərk edib.

Beləliklə, Ferstappen 175 xalla çempionat cədvəlindəki liderliyini möhkəmləndirib. İkinci sırada S. Peres (129), üçüncü yerdə isə "Ferrari" komandasının pilotu monakolu Şarl Lekler (126) qərarlaşıb.

Yarışın növbəti mərhələsi iyulun 1-dən 3-dək Böyük Britaniyada keçiriləcək.