Feysbuk dostlarımızın TƏRS sualına millət vəkili Elnur Allahverdiyevin DÜZ cavabı
07.12.2020

Bu həftə Feysbuk vasitəsilə ünvanladığımız suallara Milli Məclisin deputatı Elnur Allahverdiyev cavab verib.

Şairə Aida Adıgözəl

Etnik təmizləmə suçlaması olmasaydı dövlətimizə qarşı heç bir halda ermənilərlə bir ölkədə yaşamağı qəbul etməzdim. Lakin dünyaya şəxsi qəzəb hissindən deyil siyasi müstəvidən yanaşmaq lazım gəlir bəzən. Vətən müharibəsində şəhid olanların ailələrinə, əlillərə və veteranlara verilən müavinət məbləği məni qətiyyən qane etmədi. Sizcə təyin olunan məbləğ indiki halda uyğun məbləğdir?

Ərazilərimizin bütövlüyü, Qarabağımız uğrunda canlarından keçmiş şəhidlərimiz bizim qürur mənbəyimizdirlər. Ömrümüz boyu onlara borcluyuq. Onların ailələrinə qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyim qədər, məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat problemin gerçək mənzərəsini əks etdirmir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq açıqlaması da olub. İndiyədək şəhid ailələri və qazilərə 9000-ə yaxın mənzil və fərdi ev, 7000-dək avtomobil verilib. Şəhid ailələri və müharibə əlilləri birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Təbii ki, dövlətin bu kateqoriyadan olan vətəndaşlarımıza, ailələrimizə qayğı və diqqəti daima artmalıdır ki, əslində mövcud kursumuz da bundan ibarətdir. Yəni maddi imkanlar artdıqca, təbii ki, dəstək də artacaq.

Jurnalist Orxan Kərimov

Maraqlıdır şəhid ailələrinə bu müavinatlar təyin ediləndə hansı parametrlər nəzərdə tutulub?

Sual biraz aydın deyil. Bu ailələr şəhid ailələridir. Fikrimcə, əsas olan da budur.

Sahibkar Elvin Abbasov

Qarabağda sosial-iqtisadi sahədə dövlət tədbirləri nəyi əhatə edəcək tədricən bizə məlum olur. Sahibkarları orada görüləcək işlərə cəlb etmək üçün hansı stimullaşdırıcı təkliflər və ya tədibrlər olacaq? Bunun acıqlanmasını istəyirik. Misal üçün, vergidən müddətli azad edilmə və ya digər dövlət imtiyazları nələr ola bilər?

Bu barədə güman ki, hökumətin “Yol xəritəsi” olacaq. Söhbət böyük bir ərazimizin bərpasından, yeni insfrastrukturun yaradılmasından gedir. Müzəffər ordumuzun bu torpaqları erməni işğalından azad etməsindən çox az vaxt keçib. Məncə, qaldırdığınız məsələ ilə bağlı bir qədər gözləməli olacağıq. Çünki ortaya ciddi, fundamental proqram qoyulmalıdır. Ancaq mən də hesab edirəm ki, Qarabağımızın bərpası prosesində iştirak edəcək şirkətlərə imtiyazlar verilsə, yaxşı olar.

Politoloq Azər Qasımov

Bizim Qarabağdakı erməni əhali ilə iqtisadi əlaqələr qurmağımız fonunda Ermənistanın iqtisadiyyatının da dirçəlməsi məsələsinə necə baxırsınız, nəzərə alsaq ki, erməni tərəfindən yenidən müharibə çağırışları, revanş haqqında fikirlər səsləndirilir?

Tarix faktorundan yanaşsaq, erməni cəmiyyətində revanş hissi ilə yaşayan, belə çağırışlar edənlər hər zaman olacaq. Biz də daima hazır olmalıyıq ki, belə qüvvələrin lazım gələndə, tutarlı cavabını, dərsini verək. Necə ki, qəhrəman əsgərimiz bunu etdi. Problemə məncə, soyuq başla baxmalıyıq. Almaniya ilə Fransa Elzas və Lotaringiya uğrunda nə qədər müharibə ediblər? Nə qədər qurban veriblər?

İndi bu problem arxa plana atılıb, çünki iqtisadi maraqlar və qazanc amili çox vaxt siyasəti üstələyir. Digər tərəfdən, problemin aktual olmaması heç də hər iki tərəfdən revanş istəyi ilə yaşayanların yoxluğu demək deyil. O ki qaldı bizim halda xüsusi xislət sahibi olan ermənilərə.

Ermənistanın iqtisadi dirçəlməsinə gəldikdə isə, belə bir əks sual vermək olar: nəyin hesabına? Misal üçün, ordusunu yenidən dirçəldib Azərbaycanla müharibə qabiliyyətli vəziyyətə gətirmək üçün Ermənistana neçə il və nə qədər vəsait lazımdır?

Ermənistan Qarabağ müharibəsinin başa çatması ilə yaranmış imkanlar pəncərəsindən səmərəli istifadə etməyə başlayarsa, iqtisadi dividentlər əldə edə bilər. Türkiyə və Azərbaycanla sərhədlər açılar, kommunikasiya və logistika sistemləri işə düşər, müəyyən tranzit qazancları olar, tutaq ki, istehsal etdiyi hansısa məhsulu xarici, ən optimist ssenaridə Türkiyə və Azərbaycan bazarına çıxara bilər. Ancaq bu, onlara regionun nəhəng iqtisadi lideri olan Azərbaycanla ayaqlaşmağa imkan verərmi? Və qazanc görməyə başlamış erməni revanş fikrinə düşərmi? Əlbəttə, ermənilərdən hər şey gözləmək olar, ancaq məncə, II Qarabağ savaşı və 30 illik səfil həyatı onlara yaxşı dərs oldu.

Jurnalist İlahə Əliyeva

Sizcə müharibədən sonra əhalinin sosial-iqtisadi vəziyyətində nə dərəcədə dəyişiklik ola bilər?

Müharibə istənilən dövlətin büdcəsi üçün yükdür. Aydındır ki, müharibə və müharibəyə hazırlıq üçün xərclənən vəsaiti əhalinin rifahı, iqtisadi layihələrə yönəltmək olar. Ancaq Azərbaycan bütün dünyaya göstərdi ki, ərazisinin beşdə biri işğalda ola ola, müdafiəyə böyük vəsaitlər xərcləməklə də inkişaf edir. Torpaqlarımızı 30 ildir işğalda saxlayan Ermənistanla təcavüzə məruz qalan, 1 milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan iqtisadiyyatını, əhalilərin güzəranını müqayisə etmək olarmı? Bu gün dünyanın elə qitəsi yoxdur ki, ABŞ orada müharibə etməsin. Bu ölkə faktiki olaraq daima müharibə vəziyyətindədir. Ancaq iqtisadiyyat da öz yerində, dünyanın ən nəhəngidir.  

Bütün bu olanlardan (30 il) sonra Qarabağda ermənilərlə azərbaycanlılar birlikdə yaşaya bilərmi?

Azərbaycanın Konstitusiyasından irəli gələn tələblərə riayət edənlərlə birgəyaşayış mümkündür. Qanunlarımızın aliliyini qəbul edəcəklər, pasportlarımızı alıb hamı kimi yaşayacaqlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Kim kimi incidib indiyədək? Şəhidlərimiz arasında bütün millətlərimizin təmsilçiləri var. Hər milliyyətdən olan məmur, millət vəkili, iş adamı, təhsil işçisi, tibb işçisi, hərbçi var. Kim ayrıseçkilik görüb? Eləcə də bizim vətəndaşımız olan və olacaq ermənilər. Zaman, tarix bütün bu kimi problemləri yoluna qoyur. Təbii ki, adekvat nəticə çıxaranlar üçün.

Magistr İsa Qurbanov

İlk öncə maraqlı gələn odur ki, dövlət tədbirlətində öncəliklə nə durur - koronavirus pandemiyası və yaxud dövlətin beynaxalq arenada prestijini qaldırmaq? Yani ki, xalqımızın bu böyük zəfərindən sonra bizim qarşımızda duran ikinci böyük problem pandemiyadır (sosioloji olaraq). Görəsən, dövlət nəyi üstünluk bilərək gücümüzü səfərbər edəcək. Qarabağ probleminin həllinə və yaxud pandemiyanı aradan qaldirmasiına?

Açığı, mənə bir qədər çətindir bu formada qoyulan suala cavab vermək. Milli təhlükəsizlik anlayışı var. Dövlət vətəndaşlarını istənilən təhlükələrdən qorumalıdır. Təhlükə haradan gəlir, kimdən gəlir, dəxli yoxdur. Əgər sıravi azərbaycanlı bundan zərər görəcəksə, dövlət önləyici, sığortalayıcı və netrallaşdırıcı tədbirlərini görməlidir. Koronavirus vətəndaşın ölümünə səbəb olursa, təhlükədir. Biz tez-tez bu pandemiyanı “üçüncü dünya müharibəsi” adlandırırıq. Eyni zamanda, dövlət onu da nümayiş etdirdi ki, heç bir maneə bizi Qarabağımızdan və onu azad etmək niyyətimizdən çəkindirə bilməz. Fikrimcə, belə seçim qoymamalıyıq. Vətəndaşa haradan təhlükə varsa, dövlət də orada olmalıdır.

Qarabağ bir iqtisadi zona olaraq çox əlverişlidi. Orada olan təbiət və tarixi abidələr turistik və kurort məkan kimi, həm də aqrar tərəfdən inkişaf etdirmək olar. Dövlətin bu iqtisadi bölgədə hansı yöndə inkşafı daha prioritetlidir?

Sualda iki istiqamət göstərilir. Bəli, gözəl təbiəti ilə yanaşı, zəngin tarixi və mədəni irs bizə imkan verir ki, Qarabağı geniş potensialı olan turizm istiqaməti kimi təbliğ edək. Bu sahədə pespektivlər çox güclüdür. Əminəm ki, dövlətin və özəl sektorun böyük vəsait yatıracaqları sferalardan biri turizm olacaq.

Aqrar sahə də o cümlədən. İşğaldan azad olunan torpaqlarımızın kənd təsərrüfatı sarıdan əvəzi yoxdur. Həm heyvandarlıq, həm əkinçilik baxımından. Qarabağ təbii sərvətləri ilə zəngindir. Qarabağın hər qarışı, hər daşı xəzinədir. Tibb sahəsini götürün. Suyundan tutmuş, gül-çiçəyinə, otuna qədər.

Bir istiqaməti də unutmamalıyıq. Dünya Dördüncü sənaye inqilabının astanasındadır. Süni intellekt, nano və robot texnologiyaları. Nədən Qarabağda bir texnoloji park, azad iqtisadi və ya ticarət zonası olmasın? Və ən əsası o bölqəni inkşaf etdirmək üçün hansı iqtisadi beynaxalq stimullardan və alətlərdən istifadə olunacaq (məs. azad iqtisadi zonanı yaradılması və.s)?

Bu suala qismən cavab verdim. Artıq səhv etmirəmsə, qardaş Türkiyə ilə bu istiqamətdə razılıq əldə olunub. İqtisadi imkanlar və perspektivlər gələcəkdə Qarabağın təhlükəsizliyinin mühüm faktorları olacaq. Hər şey özümüzdən asılıdır.

Rejissor Nuranə Huseynova

Türkiyədə şəhid ailələrinə və qazilərə özəl şirkətlər, biznes adamları yardımlar edir, şəhid olanların övladlarını təhsil haqqını, yaralıların müalicəsini və sair öz üzrəinə götürür. Azərbaycanda isə müharibə artıq başa çatıb amma indiyə kimi heç bir özəl şirkətdən bu addıma rast gəlməmişik. Xırda ərzaq yardımlarını nəzərə almasaq. Sizcə bunun səbəbi nədir?

Qətiyyən razı deyiləm. Xalqımız bu 44 gün ərzində və sonra möhtəşəm birlik nümayiş etdirdi. Bütün ölkə cəbhəyə çevrildi, orduya yardım, dövlətə dəstəyin ən yüksək göstəricisini gördük. Mənim şəxsən xarici vətəndaş olan dostlarım var, hamısı deyir ki, belə bir birlik və həmrəylik görməyiblər. Biz əsgərin bir sözü ilə ona bahalı avtomobil alan iş adamını da gördük, Silahlı Qüvvələrə son ehtiyatını, “kəfən pulu”nu köçürən ağbirçək nənəni də. Bu günlərdə Müdafiə Nazirliyi fonda nə qədər vəsaitin köçürüldüyünü də açıqladı. Şirkətlər və iş adamları tanıyıram ki, Qarabağın bərpasında öz vəsaitləri ilə iştirak edəcəklər. Onlar fonda iri vəsaitlər də bağışlayıblar. Müharibənin gedişatında və sonra da bu istiqamətdə real addımlar atan vətəndaşlarımız, şirkətlərimiz var. Eləsi var, etdiyini demək istəmir. Deyir, öncə vətən, vəssalam.

Ermənilər Azərbaycan vətəndaşı olmaq istəmirlər. Amma verdikləri bəyanatlardan anlaşılır ki, Azərbaycanın iqtisadi layihələrində iştirak etməyə can atırlar. Bu, necə tənzimlənəcək?

İstəyəcəklər. İstəməyib nə edəcəklər? İstəyənləri var, qorxurlar deməyə. Görmürlər 30 illik avantüra nə ilə nəticələndi? İnkişafımızdan xəbərdar deyillər? Onlar da yaxşı yaşamaq istəyirlər. 30 ildir terrorçu, qatil, separatçı xunta, Ermənistan onlara nə verdi? Bu məsələni zaman həll edir. 3-5 günün işi deyil, ancaq olacaq.

Tələbə Aytən Əliyeva


Söz-söhbət gəzirdi ki, müharibədən sonra dollar müəyyən qədər qalxacaq. Buna səbəb də bankların dollar satmasında məhdudiyyətin olmasıdır. Ümumiyyətlə hazırki vəziyyətdə manatı hansısa bir təzyiq gözləyirmir?

Aytən xanım, özünüz də deyirsiniz söz-söhbət. Nə hökumətin proqnozlarında, nə Milli Bankın göstəricilərində belə bir təhlükəyə kiçik də olsa, eyham yoxdur. Yeri gəlmişkən, beynəlxalq maliyyə institutlarının araşdırmalarında da o cümlədən. Xatırlayırsınızsa, postpandemiya dövrü üçün də belə söz-söhbətlər dolaşırdı. Söz-söhbətlər onun üçündür ki, onları eşidək, amma ciddiyə almayaq. Dövlətimiz kifayət qədər möhkəm iqtisadi əsaslara malikdir, maliyyə, o cümlədən valyuta ehtiyatlarımız çoxdur. Mart ayından pandemiya, sonra isə aktiv müharibə fazasında hər hansı iqtisadi sıxıntı, qıtlıq, milli valyutanın zəifləməsini hiss etdik? Etmədik. Etməyəcəyik.