Fərzanə Qarahəsənli həbsxananın karantin bölməsində köçürülüb
10.12.2024

Məşhədin Vəkilabad həbsxanasında saxlanılan azərbaycanlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli həbsxananın karantin bölməsinə köçürülüb.

Bu barədə onun vəkili Möhsün Bayat məlumat yayıb.

Məlumata görə, Qarahəsənli ilə yanaşı daha 3 xanım məhbus da eyni bölməyə köçürülüb və barələrində məhdudiyyətlər tətbiq edilib.

"Karantin bölməsinə köçürülən xanım məhbusların vəziyyəti ağırlaşsa da, onların müalicəsi üçün heç bir addım atılmayıb. Buna görə də, Vəkilabad həbsxanasının 6-cı bölməsində saxlanılan siyasi məhbuslar aclıq aksiyası keçirməyə hazırlaşırlar",- Bayat bildirib.

Qeyd edək ki, Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında hökumət məmurlarının öldürdükləri azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra həbs ediliblər.

Onlar, "Bəsic" (könüllülər ordusu) üzvü Ruhullah Əcəmiyanın öldürülməsindəki rolları ilə bağlı saxta ittihamla saxlanılıblar.

56 yaşlı rentgenoloq Həmid Qarahəsənli ilkin məhkəmədə edama məhkum edilsə də, sonradan barəsindəki hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

Onun 48 yaşlı həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli isə 5 il azadlıqdan məhrum edilib.

Hər iki məhbus istintaq dövründə işgəncələrə məruz qaldıqları üçün uzun müddət müalicə olunublar.

visiontv.az