Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib
14.09.2022

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) Bürosunun onlayn formatda keçirilən 2-ci iclasına sədrlik edib.

Nazirlikdən Visiontv.az-a verilən xəbərə görə, iclasda regional məsləhətləşmələrin nəticələri haqqında Büro məlumatlandırılıb və CIGEPS işçi sənədlərinin layihəsinə dair yazılı şərhlərin icmalı təqdim olunub.

Eyni zamanda gündəliyə əsasən, Büro üzvlərinə gələn il 14 - 17 martda təşkilatın Bakıda keçirilməsi planlaşdırılan bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin və yüksək səviyyəli şəxslərin 7-ci Beynəlxalq Konfransına (VII MINEPS) hazırlıq barədə məlumat verilib. İclasın sonunda Büronun növbəti işçi cədvəli və fəaliyyət planı müzakirə edilib.

Qeyd edək ki, CIGEPS-in növbəti iclası oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək.