"Fərhadın heykəli" hazırlanıb, gələn il Ağdamın mərkəzində ucaldılacaq
22.10.2025

"Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir. Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi məlumat verib.

O bildirib ki, əsərin bərpası ilə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur: "Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Azərbaycan Respublikasının əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".

Visiontv.az