Etibarı itirmək
14.08.2024

Deyirlər günlərin bir günü Su, Od və Etibar rastlaşırlar, dostlaşırlar, bir yerdə yaxşı günlər yaşayırlar. Amma yaxşı günün ömrü az olur deyirlər. Dostların da ayrılıq zamanı çatır. Su deyir harda yaşıl rəng görsəz, ora gəlin – yaşıl rəng həyatın rəmzidir. Mən də həyatın anasıyam, daşıyıcısıyam, yaşıl rəng olan yerdə mən də olasıyam.

Od deyir harda tüstü görsəz, ora yaxınlaşın. Od olmasa, tüstü çıxmaz misalını yada salın. Tüstü mənim elçimdir, yaşıl rəng həyatın göstəricisi olduğu kimi, tüstü də mənim varlığımı göstərir.

Etibar diqqətlə qulaq asır, amma ağzını açmır. Dostları narahat olur, ikisi birdən soruşur ki, yaxşı birdən biz səni itirsək, hardan axtaraq, necə tapaq?! Etibar mənalı gülümsəyir, mənalı deyir: Dostlar, çalışın məni itirməyin, bir dəfə itirsəz, heç zaman tapa bilməyəcəksiz...

P.S. Bəli, Etibarı itirmək üçün bir an kifayət edir, qazanmaq üçün isə bir ömür gərəkdir...

(Pritça)

Qalib Arif

visiontv.az