Ermənistanla Azərbaycan arasında yolların açılması regional yox, beynəlxalq məsələdir - Elbəyi Həsənli
Ermənistanla Azərbaycan arasında yolların açılması regional yox, beynəlxalq məsələdir - Elbəyi Həsənli
14.01.2021 Elbəyi Həsənli Tərəfindən

Üçtərəfli Moskva görüşü Ermənistanla Azərbaycan arasında nəqliyyat və kommunikasiya xətlərinin açılmasını sürətləndirəcək. Bəzi dostlarımız iki ayağın bir başmağa dirəyib ki, bu, ancaq və ancaq Rusiyanın maraqlarına uyğundur. Rusiya Dağlıq Qarabağa və Ermənistana dəmiryol üzərindən çıxış əldə edir. Yaxın Şərqə çıxır. və. s.

Bəli, bütün bunlar doğrudur. Ancaq bu işin yalnız Rusiyanın maraqlarına cavab verdiyini söyləmək yanlış yanaşmadır. İki ölkə arasında yolların açılması hər şeydən öncə Ermənistanın və Azərbaycanın xeyrinədir. Rusiya və Türkiyəyə də bu, lazımdır. Türkiyə ilə Orta Asiyadakı türk dövlətlərinin birləşməsi üçün də bu, vacibdir. Bitdimi? Bitmədi. Bu yolların açılması Çin ilə (əslində Asiya ilə) Avropa Birliyi arasında olan mal mübadiləsini müddətini (qatarla) 2-3 gün qısaldır. Hazırda həmin yol Gürcüstan üzərində keçir. Çin ilə Avropa Birliyi arasında mal mübadiləsinin həcmi trilyon dollarlarla ölçülür. Ona görə də Avropa Birliyi və Çin bu yolların açılmasında maraqlıdır. Elə ona görə də bu yollar mütləq açılacaq...

Ermənistanla Azərbaycan arasında yolların açılması hansı dövlətlərə sərf etmir? Gürcüstan və İran üçün bu, ciddi itkilər deməkdir. Əvvəl Azərbaycan İrandan keçməklə (quru yollu) Naxçıvana çıxırdı. Daha buna ehtiyac qalmayacaq. İran Naxçıvana qaz verirdi. İndi Gürcüstan üzərindən Türkiyəyə ötürülən Azərbaycan qazı Türkiyədən Naxçıvana ötürüləcək. Bu iki amilə görə İran Azərbaycana təzyiq göstərə bilirdi. İndi İran bu təzyiq vasitələrini itirir.
Qaz və neft kəmərləri yenə də Gürcüstanda qalır. Ancaq qatar yolu Ermənistan ərazisinə köçürüləcək. Çünki bu, ən qısa yoldur.

Azərbaycanın ən böyük uduşu budur ki, alternativ yol əldə edir. Bu isə əlavə manevr imkanları deməkdir...

Yəni, Ermənistanla Azərbaycan arasında yolların açılması regional yox, beynəlxalq məsələdir. Gürcüstan və İran istisna olmaqla bu, bütün dünyaya lazımdır.

İlham Əliyevin gördüyü yaxşı işə zorla pis deməklə uğur qazanmaq olmaz. Ağa qara deməklə uzağa gedə bilməzsiz. Bu, yanlış yoldur. İlham Əliyevi tənqid etmək üçün o qədər ciddi əsaslar var ki. Məsələn, seçki saxtakarlı, korropsiya, regionçuluq, senzura, siyasi məhbuslar, Vətən Müharibəsi iştirakçılarına başdansovdu münasibət... və. s.

İlham Əliyevin Azərbaycan torpaqlarını işğaldan azad etməsi son dərəcə müsbət hadisədir. Ermənistanla Azərbaycan arasında yolların açılması isə ən azı torpaqlarımızın azad olunması qədər önəmli məsələdir. Bu iki məsələ ilə bağlı qərəzli yanaşma sərgiləyənləri şiddətlə qınayıram. Belələri bilməlidir ki, onlar millətə yalan deyirlər. Özü də bilə-bilə, məqsədli şəkildə...

Visiontv.az