Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarından üzr istəyib
10.09.2025

Bu barədə onun vətəndaşlara ünvanlanmış müraciətində deyilir:

"Əziz vətəndaşlar, bu müddət ərzində sizdən gələn məktubları — elektron poçt vasitəsilə göndərilənləri — şəxsən oxumağa və onlara cavab verməyə çalışmışam.

Hazırda vəziyyət belədir: məzuniyyətdən bəri elektron poçtuma təxminən minə yaxın məktub daxil olub və gündəlik məktub axını daha da artıb. Etiraf etməliyəm ki, artıq bütün məktubları vaxtında oxuyub cavablandırmağa imkanım çatmır. Bu işi başqa bir şəxsə tapşırmaq da istəmirəm, çünki bu əlaqə kanalının əsas məqsədi vətəndaşlarla birbaşa şəxsi ünsiyyət saxlamaq imkanıdır.

Məqsədim budur ki, üzr istəyərək bildirim: məktubların çoxluğu səbəbilə onların hamısını vaxtında oxuya bilməyəcəm və baxılması prosesi adi vaxtla müqayisədə daha çox vaxt aparacaq. Xahiş edirəm, bunu anlayışla qarşılayasınız".

visiontv.az