Ermənilərin Qarabağda rus dilini ikinci rəsmi dil elan etməsi üçtərəfli razılaşmaya ziddir - deputat Nəsib Məhəməliyev
Ermənilərin Qarabağda rus dilini ikinci rəsmi dil elan etməsi üçtərəfli razılaşmaya ziddir - deputat Nəsib Məhəməliyev
26.03.2021 Nəsib Məhəməliyev Tərəfindən

Ermənilərin Qarabağda rus dilini ikinci rəsmi dil elan etmələri ilk növbədə 10 noyabr üçtərəfli razılaşma ilə ziddiyət təşkil edir. Hüquqi baxımdan yanaşsaq, beynəlxalq hüququn subyekti olmayan, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir etnik  qrupun özbaşına belə bir "qanun" qəbul etməsi tam qanunsuzluqdur və  onların məğlubiyyətdən düzgün nəticə çıxarmamaqlarının göstəricisidir. Bununla da ermənilər və onlara himayədarlıq edən qüvvələr regionda gərginliyin artırılmasında maraqlı olduqlarını nümayiş etdirməklə, Qarabağ kartından öz geosiyasi maraqlarını təmin etmək üçün istifadə edirlər.

Hal-hazırki vəziyyətdə görünən odur ki, regionda uzun müddətli varlığını təmin etmək istəyən qüvvələr tərəfindən ermənilərin bu təşəbbüsləri dəstəklənir. Tarixi nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, Ermənistan qonşularla münasibətlərini normallaşdırmaqla dövlət qurmaq yox, beynəlxalq layihə rolunu oynamaqda davam edir. 

Biz sülhməramlı funksiyasını öz üzərinə götürmüş Rusiya ilə danışıqlar aparmalı, ermənilərin separatçı davranışlarının qarşısının alınmasını tələb etməliyik.