Erməni qızının siyasi atmacası
Erməni qızının siyasi atmacası
02.03.2021 Bəybala Mirzəyev Tərəfindən

Respublika meydanındakı mitinqdə çıxış edən Nikol Paşinyanın sözlərinə görə, 2008-ci ilin martında öz xalqının üzərinə ordu yeridənlər bu gün yenidən bunu etməyə cəhd göstərir:

“Həmin insanlar bu gün də ordunu xalqa və bu xalqın seçdiyi hökumətə qarşı qaldırmağa cəhd edirlər. Əks halda, Baş qərargahın bəyanatını başqa cür izah edə bilmərəm. Bu, bir təxmin deyil, konkret əsaslandırılmış vəziyyətdir”.

Paşinyan bu işdə generalları razı salmağa çalışan əsas personajlar arasında keçmiş prezident Serj Sarkisyanın adını çəkib.
Ancaq Paşinyan Baş Qərargah rəisi Onik Qapsaryanın tutduğu vəzifədən uzaqlaşdırılmasının qaçılmaz olduğunu da bildirib:

“Ermənistan öz xalqına qarşı tanklar çıxarmağa qadir olan Baş Qərargah rəisinə sahib ola bilməz. İndiyədək nə Qasparyan, nə də silahlı qüvvələr “qırmızı xətti” keçməyib. Ümid edirəm, keçməyəcəklər də. Ancaq bununla belə, Qasparyan getməlidir. Vəzifədən getmiş birinin (yəni ki, Serj Sarkisyanın) əmrlərini yerinə yetirən Baş Qərargah rəisi özü ən böyük satqındır, xəyanətkardır”.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın qızı Hasmik Qasparyan atasını xain adlandıran Baş nazirə cavab verib.

"Bir qrup fərarilik edənlərin Vətənin müdafiəçilərindən danışması, onları xain adlandırması gülüncdür", - deyə Hasmik özünün Facebook hesabında yazıb.

Paşinyan çox güman ki, Hasmikin bu atmacasına reaksiya verməyəcək. Ancaq görünən budur ki, hazırda Ermənistan adlı xarabada siyasi-mənəvi aşınma o dərəcəyə gəlib çatıb ki, artıq siyasətçilərin və generalların mübarizəsinə onların övladları da qoşulur.

Ermənilər indi öz tarixlərinin ən qaranlıq dövrünü yaşayırlar.

Bəybala Mirzəyev

Visiontv.az