Erməni millətçilərinə təşəkkür edirəm - Müşfiq Məmmədov
Erməni millətçilərinə təşəkkür edirəm - Müşfiq Məmmədov
19.02.2021 Müşfiq Məmmədov Tərəfindən

Bəli, erməni millətçilərinə təşəkkür etmək istəyirəm. Hər nə qədər qəribə səslənsə də səmimiyəm.

Ortaq faciə, mübarizə, qələbə, bayramlar və ticari münasibətlər milləti içindən birləşdirir. Millət kimi formalaşmasında əvəzsiz rol vardır. Mənim şəxsi qənaətimə görə, bu amillərin arasında faciə və qələbə daha birləşdirici rol oynayır. Millətin ortaq faciəsi yerlibazlıq, rüşvətxorluq kimi cəmiyyət içində olan neqativ halları qısa müddətli də olsa unutdurur, insanlar patriotizm hissləriylə birləşir və fədakarlığa şərait yaranır. Faciə qan yaddaşına yazılır və rəsmi tarixdə yazılmasa belə, insanlar onu şifahi olaraq gələcək nəsillərə çatdırır və aşılayır. Ən yaxın tariximizdə olan faciələrin müasiri olduğumuz üçün yaddaşımızda daha canlıdır. Xalqımıza qarşı törədilmiş XX əsrin bütün faciələrinin səbəbkar və iştirakçıları erməni millətçiləridir. Onların məqsədi bizi qorxutmaq və yer üzündən silmək olsa da özləri də bilmədən bizə xidmət göstərmişlərdir. Bizə millət kimi birləşdirən formalaşdıran faciələr yaşatmışlardır. Bu faciələr bizim dövlətçiliyimizin gələcəyi üçün bir mayakdır. Məhz bu faciələr səbəbiylə biz dost və düşmənlərimizi tanıyırıq. Kimin dostumuz, kimin açıq düşmən, kimin isə gizli düşmən olduğunu təcrübədə öyrənirik. Qarabağ müharibələri zamanı bir çox ölkələrin bizə göstərdiyi münasibət bunu əyani olaraq göstərdi. Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq əgər hələ də unuda bilmiriksə və qisas almaq eşqiylə yaşayırıqsa bu erməni millətçilərinin bizə göstərdiyi xidmətin nəticəsidir. Bu faciələr olmasaydı nə olacaqdı? Biz unutqan və rəhimli xalqıq. Unutdurulacaqdı bizə və millətləşmə prossesi bir neçe on illik gecikəcəkdi.

Sovet dönəmində xalqa həqiqətləri obyektiv və açıq şəkildə çatdırmaq qadağan olunsa da xalq yaşadığı olayları unutmadı və şifahi olaraq gələcək nəsillərə çatdırdı. Məhz bu qan yaddaşı səbəbiylə biz, 1905-ci il hadisələrini unutmadıq. Sonralar bu qan yaddaşına 1988-ci ildən sonra baş verən hadisələr də əlavə olundu. Beləcə, millətin qan yaddaşı daha da zənginləşdi. Faciə və ortaq dərdlərlə yoğrulmuş qan yaddaşı bir millətin var oluşunun mihəng daşıdır. Bu “xidməti” bizə erməni millətçiləri göstərdilər. Onların bizə vaxtaşırı yaşatdığı işğal və soyqırımları unutmadıq, biz sovet qazanında ərimədik, kimliyimizi itirmədik.

Millət kimi özümüzu təsdiq etmək ehtiyacımız olan digər amil isə ortaq qələbədir. O qələbə ki, ölkənin hər bir ailəsinə və fərdinə toxunmuş faciəni törədənlərin üzərində qazanılmışdır. Biz bu qələbəyə ac idik. Bu duyğu bizi, 30 ildən sonra yenidən Qarabağa qayıtmaq və şərəfimizdəki ləkəni təmizləməyə vadar etdi. Məhz bu aclıq bizi müharibə zamanı atəşkəs elan ediləcəyi qorxusu ilə narahat edirdi. 30 il komada yatmış bir vücud artıq həyat işarələri göstərir. Artıq ürək qan damar sisteminə qan vurmağa başlamışdır. Qurumuş damarlarda dövr edən qan beyinə çatdığında isə tarixdə nadir rastlanan hadisələr baş verəcək. Amma hələ ki, qan damar sistemi beyinə qan vurmaqda çətinlik çəkir. Vucüdumuzun beyni Təbrizdir. Tam bərpamız üçün düşüncə və məfkurə mərkəzimizin hərəkətə keçməyi lazımdır. Bakıdan çıxan qan Təbrizdən dövrə vuraraq ürəyə döndüyü zaman vücud tam oyanmış olacaqdır.

P.S. Dağlıq Qarabağın hələ də işğalda qalan hissəsinin gələcəyi insanlarımızı narahat etsə də, baş verən prosseslərin gedişatı problemin köklü həllinin çoxda uzaqda olmadığını göstərməkdədir.

Unutmayaq ki, biz üzərinə ilahi missiya qoyulmuş bir millətik.

Visiontv.az