“Enerji resurslarımız siyasətin əlində alət deyil...”
“Enerji resurslarımız siyasətin əlində alət deyil...”
30.09.2022 MEDİA Tərəfindən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib.

Avropanın enerji böhranı yaşadığı bir vaxtda prezidentin Bolqarıstana səfərinin əhəmiyyəti barədə politoloq Şənbəm Həsənova Visiontv.az saytına açıqlama verib. 

 Politoloq bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı əsaslı müzakirələrə və bütün irəliləyişlərə baxmayaraq, aydın reallıqdır ki, ənənəvi yanacaqlar qısa və orta müddətli perspektivdə üstünlük təşkil edəcək: "Mövcud vəziyyətdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması vacib məsələdir, lakin bunun özü də Avropa ölkələrinin həyata keçirə bilmədiyi çevik dəyişiklik tələb etdiyindən hal-hazırda qış fəslinin gəlməsilə də əlaqədar olaraq bu sahədə köhnə qitə ölkələri arasında ciddi narahatlıq yaşanır. Qışa doğru yeni altenativ enerji təminatçılarının axtarılması qədər mövcud bazarlardan kəmiyyətin artırılması da vacib amildir. Nə baş verəcəyi abstrakt olduğu üçün Bolqarıstan dövləti, biznes nümayəndələri və vətəndaşları da qış üçün daha çox qazı haradan əldə etmək imkanları axtarır. Bənzər reallıqdan çıxış edərək bir çox dövlətlərin ölkəmizə pənah gətirməsi fonunda Azərbaycana tələb də olduqca böyükdür. Bu isə tələb reallığından ya da təsadüfdən deyil, Azərbaycanın ənənəvi etibarlı tərəfdaş imicini qoruyub saxlamasından irəli gəlir. Çünki uzaq və yaxın keçmişin hadisələri bütün real, bir o qədər də acınacaqlı mənzərəni tam çılpaqlığı ilə üzə çıxartdı. Azərbaycanın bu sahədə uğurunu təmin edən əsas məsələnin isə enerji və siyasətin bir-birindən ayrı tətbiq olunmasıdır. Yəni, bizim enerji resurslarımız siyasətin əlində bir alət deyil. 

Uzunmüddətli perspektivdə genişləndirilməsi üzərində ciddi işlər gedən Cənub Qaz Dəhlizinin müəyyən olunmuş qrafik üzrə zamanında, böyük bir məsuliyyətlə başa çatdırılması fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib aktorlardan birinə çevirildi. Vaxtilə tək bir qaz tədarükçüsündən asılı olan və qaz kəsintiləri səbəbindən böyük problemlər yaşayan Bolqarıstan oktyabrın 1-dən etibarən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz əldə etməyə başlayacaq. Məhz bu tarixi hadisə iki ölkə münasibətlərində yeni səhifə açacaq.  Bu baxımdan da Bolqarıstan-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən cənab Prezident İlham Əliyevin sentyabrın 30-da sözügedən ölkəyə rəsmi səfəri olduqca mühüm əhəmiyyət kəsb edir.

Bolqarıstanla, bütövlükdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə, münasibətlərin dərinləşdirilməsinə önəm verən Azərbaycana eynilə də qarşı tərəfdən olduqca böyük maraq var. Bolqarıstan tərəfi hər fürsətdə bildirir ki, texniki baxımdan mümkün olacağı zaman Azərbaycanla əlavə qaz həcmlərinin tədarükünə dair müqavilə imzalamaqda maraqlıdır. Bu baxımdan da yeni Yunanıstan-Bolqarıstan interkonnektoru ilə əlaqədar artıq təyin olunmuş məbləğlərə əlavə olaraq Azərbaycan qazının Bolqarıstana əlavə həcmdə çatdırılması variantları, perspektivli yeni tədarüklərin təfərrüatları uzun müddətdir ki, iki ölkə rəsmiləri arasında müzakirə predmetidir. 

Düşünürəm ki, Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq enerji və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsinə diqqət yetirməklə daha da fəal şəkildə inkişaf edəcək. Bolqarıstan və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün bütün perspektivli istiqamətlər araşdırılır. Bolqarıstan istehlakının ildə təqribən 3,5 milyard kubmetr təşkil etməsi reallığı fonunda Azərbaycan tərəfi Bolqarıstana ildə 1 milyard kubmetr müqavilənin tam şəkildə yerinə yetirilməsində etibar edilə biləcəyini bildirib, bu ilin sonuna qədər isə Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixracı proqnozlaşdırılır.”

Bünyamin Bünyadzadə
 
Visiontv.az