Əlamətdar gün
Əlamətdar gün
03.10.2022 Qənirə Paşayeva Tərəfindən

Bu gün – 3 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, eləcə də, 2009-cu ildə Naxçıvanda Türk Ölkələri Əməkdaşlıq Şurasının (12.11.2021-ci ildən sonra Türk Dövlətləri Təşkilatı) yaradılması Günü olaraq əlamətdar gündür! Ümummilli Liderimizi rəhmətlə anır, Azərbaycanımızın, qardaş ölkələrin bayraqlarına və ortaq türk bayrağımıza ucalıq diləyirəm! Türk birliyinin gücü hər bir türk ölkəsinin gücündən asılıdır.

Türk Dövlətləri Təşkilatının hər biri öz mədəniyyəti, təhsili, elmi, iqtisadiyyatı, ordusu, səhiyyəsi, diplomatiyası və digər əməli fəaliyyət sahələri ilə güclü olmalıdır ki, ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuz aydınlıq olsun. Bu mənada, 1993-cü ilin təlatümləri fonunda ali hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı xilas etməklə, dirçəltməklə yalnız öz respublikamıza, Dünya Azərbaycanlılarına deyil, Türk dünyasına, bütün tərəqqipərvər insanlığa mühüm töhfələr vermiş oldu. Bu töhfələrin dəyəri coğrafiyamız, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, gələcəyə baxışımızla bağlı az-çox bilgiyə malik olan hər bir obyektiv insana məlumdur. “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ümummilli Lider Azərbaycanı sabitlik ünvanına çevirdi, ardınca, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, dünyanın dörd tərəfinə çoxsaylı səfərlər edərək, həqiqətlərimizi yaydı, beynəlxalq aləmi ayıltdı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən idrak etməyə, dəyərləndirməyə başladı. Dostuqlar bərpa olundu, yeni əlaqələr quruldu, bədxahlar mümkün miqdar neytrallaşdırıldı və s.

Gəlin, bu vurğuladığımız məqamlara daha geniş diqqət yetirək:

3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun çox önəmli pilləsi oldu. Qədirbilən xalqımız böyük səs çoxluğu ilə öz seçimini edərək, böyük siyasi və dövlət xadimi Heydər Əliyevi respublika prezidenti seçdi. Prezident seçilən Ümummilli Lider bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, sabitlik, iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı. Ümummilli Liderin özünün məşhur sözləri ilə desək: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu anlamda, milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsini özəlliklə vurğulamalıyıq. Heydər Əliyevin neft strategiyasının parlaq təcəssümü olan “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadi sistemindəki önəmli yerini müəyyənləşdirdi. 20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsinin 13 aparıcı neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.

Ümummilli Liderimizin ən çox sevdiyi şeirin misraları ilə desək, o, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə tərənnüm etdiyi, candan, könüldən bağlı olduğu ölkəmizə, doğma xalqımıza, öz Prezident andına sadiq qaldı. Ümummilli Lider rəsmi andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli Liderin Prezident seçildikdən sonra həyata keçirdiyi daha hansı böyük işləri yada sala bilərik? – Diqqət edək:

- 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durdu. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Məsələn, Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar nəhayətdə, respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi.

Ümummilli Liderin təşəbbüsü ilə KİV-lər üzərində senzura da aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə önəmli addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi;

- İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması Heydər Əliyevin böyük xidmətləri sırasındadır;

- Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi;

- Dövlətin, xalqın ən ağrılı, ən taleyüklü anında xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkar idarəetmə dövrünü qapatdı. Xalq öz dövlətinə inamı bərpa etdi. Göründü ki, müstəqilliyini yenicə əldə etmiş gənc dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər Ümummilli Liderdən öncə dövlətə səriştəsiz, qeyri-peşəkar şəxslərin başçılıq etməsinə görə baş vermişdir;

- Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü, üfüqügeniş nəhəng siyasətçi, dövlət xadimi, realist insan olması hər çətin anda, mürəkkəb məqamda alternativlərin ən yaxşısını bulmağı təmin edirdi. Heç təsadüfi deyil ki, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlığa görə akademik çevrələr, dünya liderləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi adlarla tərənnüm edir, ona heyranlıqlarını gizlətmirdilər;

- Heydər Əliyevin siyasi iradəsi, səmimiyyəti, polad xarakteri, uzaqgörənliyi, dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri, onunla təmasda olanları valeh edir, necə deyərlər, onunla hesablaşamağa vadar edirdi;

- Milli ideologiyanın yaradılması Heydər Əliyevin dövlət quruculuğu siyasətinin çox mühüm tərkib hissəsi kimi qəbul gördü;

- 3 oktyabr 2003-cü ildən başlayaraq, az qalan hər gün, hər həftə, hər ay və hər il Heydər Əliyevin milli və dövlət maraqlarını, ümumxalq iradəsini öz siyasi kursunda necə ustalıqla əks etdirdiyini göstərdi. Və onun siyasi uzaqgörənliyi, zəngin təcrübəsi ölkəmizə yeni uğurlar gətirdi;

- Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək özəllikləri ilə seçilirdi. Ümummilli Lider bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi;

- “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – bu Heydər Əliyevin Azərbaycan gerçəkliklərinə istinadən irəli sürdüyü siyasi formul idi;

- Məhz Heydər Əliyev qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilərək, bu istiqamətdə də konkret örnəklər yaratdı;

- 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə ali hakimiyyətə qayıtması nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, bir sıra separatçı meyillərə son qoyuldu və təcavüzkar Ermənistanla zəruri atəşkəs elan olundu. Atəşkəs nizami ordu quruculuğu, çağdaş silah təminatı, peşəkar zabit kadrlarının yetişdirilməsi, iqtisadiyyatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya geniş yayılması və digər amillər baxımından önəm daşıyırdı;

- Ümummilli Lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və bu yöndə önəmli islahatlara başladı.

- Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin yorulmaz carçısı idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə ağırlıqlı şəkildə gətirən məhz Ümummilli Lider oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Heydər Əliyev bir çox dövlət başçısı, beynəlxalq təşkilatların rəhbərləri ilə bu mövzuda danışıqlar apararaq, beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu;

Dövlət müstəqilliyimizin ilk illərində sağlam düşüncənin səsinə qulaq asan, böyük siyasi və dövlət xadimini respublikanın ali rəhbərliyinə dəvət etdən siyasi zehniyyət və gerçək addımlar olsaydı, Azərbaycan xalqı 20 Yanvar, Xocalı soyqırımı kimi faciələri yaşamaz, Qarabağın gözü Şuşa, ermənistanlar keçmiş DQMV-nin coğrafi bağlantısını təmin edən Laçın, Kəlbəcər əldən getməz, sonrakı digər torpaq itkilərimiz üçün çox təhlükəli zəmin yaranmazdı. Beləliklə, ölkə ərazisinin 20 faizi işğala məruz qalmaz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ümummilli Lider deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”.

Ümummilli Liderimizi bu anlamlı gündə dərin ehtiramla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlət başçımıza yeni zəfərlər diləyirik!

DÖVLƏTİMİZ VAR OLSUN!

MM Mədəniyyət komitəsinin sədri Q.Paşayeva

visiontv.az