Əfqanısatana olan iqtisadi maraqlar barəsində hər zaman olduğu kimi az danışılır
Əfqanısatana olan iqtisadi maraqlar barəsində hər zaman olduğu kimi az danışılır
17.08.2021 Elçin Mirzəbəyli Tərəfindən

Əfqanıstanda nə baş verir və nə üçün baş verir? Məsələnin geosiyasi tərəfi, prinsp etibarilə hər kəsə bəllidir. Amma “yeni dünya düzəni” və digər geosiyasi pərdələr arxasında dayanan total iqtisadi maraqlar barəsində, hər zaman olduğu kimi az danışılır. Mənzərə aydın olsun deyə, Əfqanıstanın təbii resursları barədə dəyərli oxuculara axtarış sistemləri ilə işləyə bilən hər kəsin əldə edə biləcəyi məlumatları təqdim etmək istəyirəm:

Yalnız kəşf edilmiş yataqlarda Əfqanıstanın neft və təbii qaz ehtiyatları, müvafiq olaraq, 200 milyon ton və 137 milyard kubmetr təşkil edir. Çin, Böyük Britaniya və Rusiyanın müvafiq insitutlarının və tədqiqat mərkəzlərinin hesabatlarında, kəşf olunmamış yadaqların sayının dəfələrlə çox olduğu bildirilir.
Əfqanıstan mis ehtiyatlarına görə Avrasiyada ön sırada dayanır (2,3% tərkiblə 240 milyon ton filiz). Bu ölkə dəmir ehtiyatlarına görə Cənubi Asiyanın lider ölkəsidir (62-68% dəmir tərkibi ilə 428 milyon ton). Bir daha qeyd edim ki, təqdim etdiyim göstəricilər yalnız kəşf edilmiş və istismar olunan yataqlara aiddir.
Müxtəlif hesabatlarda kəşf və istismar olunan yataqlarda, neft və təbii qaz ehtiyatları istisna olmaqla, Əfqanıstanın 1,5  - 3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatının olduğu bildirilir.
Bundan başqa, Əfqanıstan batareyaların, mobil telefonların və digər elektron avadanlıqlarının istehsalında istifadə olunan zəngin litium yataqlarına sahibdir.
Bu sıraya məxfi saxlanılan uran, qismən açıqlanan qızıl və digər qiymətli metal, həmçinin qiymətli daş-qaş yataqlarını da əlavə etsək, Əfqanıstanın nə üçün bu qədər dəyərli olduğunu müəyyənləşdirmək olar.

Politoloq Elçin Mirzəbəyli

visiontv.az