Dünyanın vaksin biabırçılığı
Dünyanın vaksin biabırçılığı
18.02.2021 Bəybala Mirzəyev Tərəfindən

Gec ayılan Antonio...

Və yaxud, dünyanın vaksin biabırçılığı: 130-dan çox ölkə peyvəndə həsrət qalıb...

Böyük dövlətlərin bütün peyvəndləri "qapazladığı", kasıb ölkələrin isə peyvəndlərə əlinin çatmadığı artıq acı bir reallıqdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş isə bu prosesi aylarla, həftələrlə seyr etdikdən sonra nəhayət, indi hərəkətə keçməyi qərara alıb. O, son açıqlamasında koronavirusa qarşı təcili qlobal vaksinasiya proqramı qəbul edilməli olduğunu deyib.

Quterreş həmçinin vaksinin ədalətli bölgüsü üçün “Böyük İyirmilik” (G20) ölkələrinin iştirakı ilə işçi qrup yaradılmasını da təklif edib.
BMT rəhbəri vaksinasiya prosesinin qeyri-bərabər və ədalətsiz aparıldığını söyləyib.

“COVID-19-a qarşı istehsal olunan vaksinin 75%-i 10 ölkə tərəfindən istifadə olunub. Bununla yanaşı, 130-dan artıq ölkə bir  dənə də olsun vaksin dozu almayıb”- deyə, Baş katib bu duruma öz etirazını bildirib.

Ancaq bu kifayət qədər gecikmiş etirazdır. Və bu etiraz heç nəyi dəyişməyəcək. Çünki A.Quttereşi və onun rəhbərlik etdiyi BMT-ni saya salan yoxdur.

Həm də Quttereşin adını çəkmədiyi, amma rəqəmlə vurğuladığı sözügedən 10 ölkə bunu qəsdən edir. Həmin 10 ölkənin arasında eləsi də var ki, hətta öz əhalisinin sayından qat-qat artıq peyvənd dozu alıb.

Niyə, nə üçün?..

Bu saat peyvəndlərlə bağlı böyük ölkələrin arasında gizli oyunlar gedir...

Bəybala Mirzəyev

Visiontv.az