Dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi artıb - VİDEO
Videonu Aç
07.05.2021

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanları ciddi mübarizə aparır. Bu mübarizə nəticəsində ötən il ümumi dəyəri 20 milyon manat təşkil edən 1 ton 873 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb”.  Visiontv.az xəbər verir ki, bunu “ARB 24”ün canlı efirində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlayıb. 

 

 

E.Hacıyev bildirib ki, həyata keçirilmiş kompleks profilaktik əməliyyat-axtarış tədbirləri ilə ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi 2019-cu illə müqayisədə 642 kiloqram çox olub: “Bu müsbət təmayül cari ilin birinci rübündə də davam etdirilərək cinayətkarlardan 1 tona yaxın və ya 2020-ci ilin analoji dövrü ilə müqayisədə 510,5 kq çox narkotik vasitə götürülüb”.

E.Hacıyev qeyd edib ki, heç bir polis narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı rastlaşdığı faktlara biganə qalmır: “Vətəndaşdan tələb olunan, arzulanan odur ki, bu məsələdə dövlətin elan etdiyi mübarizədə dəstək versin. Cəmiyyət olaraq bu bəlaya qarşı birgə mübarizə aparaq”.