CESD Cənubi Qafqaz və Orta Asiyanın “Ən mükəmməl mərkəzi” seçildi - deputat Vüqar Bayramov
CESD Cənubi Qafqaz və Orta Asiyanın “Ən mükəmməl mərkəzi” seçildi - deputat Vüqar Bayramov
02.02.2021 Vüqar Bayramov Tərəfindən

ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib. Hesabatın, eyni vaxtda dünyanın 100-dən artıq ölkəsində təqdimatı keçirilib. Bu vacib sənəd beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təqdim olunub.

Qlobal reytinqin müəyyənləşdirilməsi üçün dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzində sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.  Beynəlxalq qiymətləndirmədə qurucusu olduğum və hazırda rəhbərlik etdiyim, reytinqin nəticələrinə uyğun olaraq 9 ildir ki, Cənubi Qafqazda və Orta Asiyada birinci yeri tutan İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) xüsusi statusa layiq görülüb.

CESD qeyd edilənn regionun 2016-2019-ci illər üzrə “Ən mükəməl mərkəzi” elan olunub. CESD Cənubi Qafqaz və Orta Asiyadan bu ada layiq görünən ilk təşkilatdır. Dünyada ikinci dəfə tətbiq olunan bu statusa region üzrə Azərbaycandan hələlik yalnız CESD layiq görülüb. Qeyd edək ki, dünya üzrə eyni nominasiyanın qalibi ABŞ-ın Brukinq İnstitutu olub.

Hələlik dünyada yeganə qlobal qiymətləndirmənin nəticələrinin əks olunduğu nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycandan seçilməsi sevindirici olmaqla yanaşı, mərkəzin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir.

CESD sözügeden hesabatda 20-dən artıq kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, təşkilat, illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 “Ən yaxşı idarə olunan beyin mərkəzi”dir.

Hesabatın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:
https://repository.upenn.edu/think_tanks/18/