Bütün zamanların “yüz möhtəşəm azərbaycanlısı”-dan üçü
Bütün zamanların “yüz möhtəşəm azərbaycanlısı”-dan üçü
06.02.2023 MEDİA Tərəfindən

3,4,5 fevral müvafiq olaraq 1891,1918, 1921-ci illərdə bütün zamanların 100 ən möhtəşəm azərbaycanlılarından olan Ceyhun Hacıbəylinin, Qara Qarayevin və Lütvizadənin doğum günləridir. Bu işıqlı simalar dünyaya gələndə sadəcə öz ailələrinin sevincinə səbəb olmuş, fanidən əbədiyyətə köç edəndə isə bütün azərbaycanlılara təəssüf yaşatmışdılar.

Ceyhun Hacıbəylinin jurnalist, publisist, tərcüməçi fəaliyyəti olmasaydı belə diplomat kimi 11 yanvar 1920-ci ildə dünya birliyinə öz məsləkdaşları ilə birgə Azərbaycan istiqlalının tanıdılması yönümündəki uğuru ilə tarix yazması çox mühüm hadisədir. Həm də bu təkçə kiçik bir coğrafi məkanda bahımsızlıq yox, nəhəng və qanlı Rusiya imperyasının üzərində dünyanın demokratik qüvvələrinin qələbəsinin ilk göyərçini olmaq idi. İndi dünyada sayı 150-180 milyon olan xalqlar var nəyin ki, dövlət qura biliblər, heç adlarını belə çoxluq tanımır. Azərbaycanın müstəqil dövləti qurulanda əhalisini sayı üç milyondan da az idi. Biz AXC süqut edəndə, SSRİ-yə müstəqil dövlət kimi daxil olduq, 1991-ci ildə də oradan müstəqil dövlət olaraq çıxdıq.

1958-ci ildə Qara Qarayevin Sankt- Peterburqun Mali teatrında premyerası böyük anşlaqla keçən Piter Abrahamsın eyni adlı romanı əsasında bəstələdiyi “İldırımlı Yollarla” əsəri dünya mədəniyyəti tarixinin şedevrlərdən biridir. Elə dahi bəstəkar tək bu əsəri ilə də qəlbləri fəth edərək mədəniyyət tarixində ulduz kimi əbədi bərq vurardı. Heç onun yaradıcılığının başqa nümunələri olmasaydı belə.

Dahi Lütvizadə 1965-ci ildə təklif etdiyi “ Qeyri Səlist” nəzəriyyəsi ilə elmdə inqilab etdi. N.Tusidən sonra elm tariximizdə bu qədər parlaq naliyyətə imza atan olmamışdır. Lütvizadə də bütün elmi fəaliyyəti bir yana təkçə bu nəzəriyyəsi ilə dünya elm tarixinə əvəzsiz möhür vurdu.

Müvafiq olaraq Ceyhun bəy 1962-ci ildə, Qara Qarayev 1982-ci ildə Lütvizadə isə 2017- ci ildə əbədiyyətə qovuşublar. Qara Qarayevin, Lütvizadənin məzarları doğulduqları doğma Bakıda, Fəxri Xiyabandadır. Ceyhun Hacıbəylinin qəbiri isə uzaq Parisdədir. Yeri gəlmişkən bütün zamanların 100 möhtəşəm azərbaycanlısından biri, dahi bəstəkar Üzeyir Hacıbəylinin Fəxri Xiyabandakı məzarının yanında qardaşı üçün saxlanılan yer elə qardaş həsirəti ilə sükut içində gözləməkdədir.

(Bütün Zamanların Yüz Möhtəşəm Azərbaycanlısı kitabımdan)

Pərviz Yəhyayev

visiontv.az