Buqələmun kimi tez-tez rəng və mövqe dəyişən Ermənistan varsa deməli, proses ağrısız, itkisiz ötüşməyəcək - Bəybala Mirzəyev
Buqələmun kimi tez-tez rəng və mövqe dəyişən Ermənistan varsa deməli, proses ağrısız, itkisiz ötüşməyəcək - Bəybala Mirzəyev
24.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur. 
Görünən budur ki, əvvəlcə Rusiya sülhməramlıları tərəfindən bəslənən, indi isə Makrondan hərbi, Aİ-dən maddi, ABŞ-dan isə siyasi dəstək almağa ümidlənən Ermənistan adlı oyuncaq dövləti güc yoluyla sülhə məcbur edəcəyik. Ekspertlər buna "sülhə məcburetmə əməliyyatı" da deyirlər. 

Əlbəttə, çox istərdik ki, postmünaqişə dövrü və Ermənistanın sülhə məcbur edilməsi prosesi maksimum dərəcədə ağrısız, təxribatsız, konfliktsiz, itkisiz keçilsin. Bunu İlham Əliyev də Putinlə görüşündə açıq mətnlə qeyd etdi. 

Lakin heç bir "qırmızı xətt"ləri olmayan, verdiyi vədlərə heç vaxt sadiq olmayan, buqələmun kimi tez-tez rəng və mövqe dəyişən Ermənistan kimi bir düşmənin varsa, deməli, proses ağrısız, itkisiz ötüşməyəcək. 

Dünən gizir Fərman Yaqublunun Kəlbəcər istiqamətində erməni snayperinin açdığı atəş nəticəsində şəhid olması da dəyişkən Ermənistanın az öncə də qeyd etdiyim xarici güclər tərəfindən təhrik edilməsinin nəticəsidir. 
Ən maraqlısı da budur ki, bütün bu kimi pozucu fəaliyyətlər, təxribatlar ilk növbədə Ermənistanın özü üçün ağır itkilərlə nəticələnəcək. Necə ki, nəticələnir də. Erməni KİV-lərinin yaydığı məlumatlar da bunu təsdiqləyir. Məsələn, Ermənistanın Geqarkunik vilayətinin Kut (Zərkənd) kəndi üzrə icma rəhbəri Akop Avetyan mətbuata açıqlama verərək, həmin istiqamətdə şiddətli döyüşlərin getdiyini bildirib və deyib ki, "vəziyyət həddindən artıq ağırdır, atışma getdikcə şiddətlənir, az əvvəl Ermənistanın döyüş mövqelərinə bir neçə təcili tibbi yardım maşını qalxdı. Yaralıların olduğu deyilir". 

Lakin Ermənistanı kimlərin qızışdırmasından asılı olmayaraq istər Naxçıvan istiqamətində, istərsə də Zəngəzur və Qazax istiqamətində sərhədlərin demarkasiyası Azərbaycanın maraqlarına uyğun şəkildə yekunlaşacaq. Zəngəzur dəhlizi də açılacaq, sülh sazişi də imzalanacaq. Proses ona doğru gedir.

Visiontv.az