Bunu ilk dəfə sizə açıqlayıram-Şöhrət El-Dənizlə müsahibə
Bunu ilk dəfə sizə açıqlayıram-Şöhrət El-Dənizlə müsahibə
22.11.2021 Şöhrət El-Dəniz Tərəfindən

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev suallarımıza cavab verib. Daha doğrusu Ruslan müəllimlə tanışlığım Feysbuk üzərindən oldu. Elə görüşüb danışmağımızın vaxtını, vədəsini də feysbuk vasitəsilə müəyyən etdik. 3-cü cəhddən sonra görüşümüz baş tutdu. Bildiyiniz kimi Ruslan müəllim fesbukdan aktiv istifadə edən tək-tük məmurlardan biridir. Əksəriyyətin şikayətini və problemlərini elə feysbuk vasitəsilə dinləyir və həll edir. Ruslan Əliyev həmçinin mətbuat nümayəndələrinə də açıq məmurdur. Hər həftənin 5-ci günü media nümayəndələri ilə görüşlər keçirir. Edilən tənqidlərə cavab verir, problemləri dinləyir. Mənim ilk tanışlığım da məhz problem ətrafında yaranan mübahisə ilə başladı. Ardını müsahibə şəklində davam etdirməyimizə qərar verdik. Əslində bu müsahibə 1 ay bundan əvvəl götürülüb. Gecikməyin səbəbi varıydı. Məmurlarla bu formatda bir rubrika yaratmışam. İlk müsahibim ekspromt alındığından növbəti müsahib barədə düşünməmişdim. Ona görə Ruslan müəllimlə olan müsahibəni bir az gecikdirdim ki, həyata keçirmək istədiyim layihənin konturlarını və qonaqları dəqiq müəyyən edə bilim.

Beləliklə…

- Ruslan müəllim nə qədər abonentiniz var?

- Ayın sonuna qədər 2 milyon 400 min abonent olması gözlənilir. Artıq bu rəqəmə çox az qalıb. “Aktiv və passiv abonent” deyilən bir anlayış var bizdə. 50 minə yaxın abonentimiz passiv abonentdir. Yəni mənzil və qaz sayğacı var, sadəcə yaşayış yoxdur.

- Bakıda yoxsa respublika üzrə?

- Ümumi respublika üzrə. Belə abonentlərimiz rayonlarda və kəndlərdə də var. Bunun təxminən 30 mini Bakıda, 20 mini rayonlarda yerləşir.

- Bu sahədə təzəsiniz? Təsərrüfatla yaxından tanışsınızmı?

-  Təzə deyəndə 2009-cu ildən “Azəriqaz”dayam. Daha əvvəl şöbə rəisi, əməyin mühafizəsi üzrə baş direktor müavini olaraq çalışmışam. 2015-dən -2019-cu ildə baş direktor təyin edilənə qədər isə Satış və İstismar üzrə müavin olmuşam. Açığını deyim ki, artıq baş direktor vəzifəsinə təyin olunduğum zaman belə desək işləmək mənim üçün daha rahat oldu. Düzdü, məsulliyyət adamı sıxır. Amma belə götürəndə daha rahat oldu mənim üçün.

- İşin içindən püxtələşib qalxmısız yəni? Mən bilmirdim sözün düzü, ona görə bu sualı verdim sizə. Niyə bəzi regionlarda, hətta Bakının bəzi bölgələrində qaz yoxdur?

-   Ümumiyyətlə bütün dünyada qazlaşma təsərrüfat sayı ilə aparılır, yəni evlərin sayıyla. Bu gün respublikada, təsərrüfat sayı ilə götürdükdə, qazlaşma 96%-in üzərindədir. Ancaq buna baxmayaraq bizim haradasa bu günə 800-ə yaxın yaşayış məntəqəsi var ki, bu yeni yaşayış massivi də ola bilər və yaxud kənd ola bilər ki, ora da 3-5 ev var və ora yaşayış massivi adı verilib. Bilirsiniz ki, cənab prezidentin tapşırığıyla müvafiq yol xəritəsi hazırlanıb. Həmin yol xəritəsində də qeyd olunubdur ki, artıq qazlaşan və qazlaşmayan ərazilərin perspektivi və digər məsələlərə baxılsın. Bununla bağlı Energetika nazirliyində xüsusi qrup yaradılıb və bu istiqamətdə fəaliyyətə başlanılıb. Bu yaşayış massivlərinin təqribən 400 minə yaxını, qazlaşma perspektivi olmayan yaşayış massivləri kimi qeydə alınıb. Oranın artıq digər alternativ vasitələrlə qış mövsümündə yanacaqla təmin olunması nəzərdə tutulub. Bəzi dağ kəndlərimiz var ki, məsələn Lerik, Yardımlı, Astara, Qubanın bəzi kəndləri var ki, oralara vəsait çox xərclənsə də qaz xətti də çəkmək olar. Ancaq onun qış aylarında istismarı mümkünsüzdür. Qar yağarkən və ya hansısa qəza olarkən o kəndlərə getmək perspektivi nəzərə alınaraq, o yaşayış massivlərinin 400-ə yaxını qazlaşma perspektivi olmayan ərazilərə bölünüb. Bunu ilk dəfə sizə açıqlayıram. Mətbuatda belə açıqlama heç vaxt verilməyib.

- Sizcə bütün bunları iqlim şəraitinə bağlamaq nə dərəcədə düzgündür?

- Söhbər perspektivdən gedir. Niyə bütün dünyada 100% qazlaşan ölkə yoxdur? Çünki digər yanacaq növləri də var. Ona görə də bu Energetika Nazirliyinə tapşırılıb. Artıq Energetika Nazirliyi də bunun üzərində işləyir. Məsələn adi bir şeyi deyim. İqlim şəraiti kəskin olan dünyanın bir çox ölkəsi var ki, orada bu yoldan istifadə olunur. Məsələn, xüsusi çənlər var ki, oraya sıxılmış qaz vurulur və oradan yaşayış yerlərinə paylanır. Artıq bunun üçün kilometrlərlə xətt çəkilib, istismarı həyata keçirilmir.

- Məsələn Bakının 4-5 kilometriliyində yerləşən “Qurtuluş-93” deyilən ərazidə evlər qazlaşdırılmayıb.

-Yeni tikilən binalarda məsuliyyəti biz “Azəriqaz” olaraq tam üzərimizə götürə bilmirik. Dövlətin qaydalarına görə, həmin yeni tikililərdə mütləq FHN-nin təhlil rəyi olmalıdır. O binanın təhlil rəyi olmadan biz ora qaz açılışı edə bilmərik. MTK-lar üçün hazırda texniki şərt ödənişsizdir. Heç bir şərt qoyulmadan texniki rəy verilir. Sayğac iyul ayının 1-dən ödənişsizdir. Ona görə də “Qurtuluş-93” müraciət etsin ki, həmin müraciət əsasında texniki rəy verilsin. Rəy olduqdan sonra biz də dəstək verə bilərik. Qarşılıqlı danışıq əsasında dəstək ola bilərik.

-Elektron və mexaniki sayğac. Niyə mexaniki sayğac elektornla əvəz edilir?

-Bu gün ən çox verilən sualdır. Bu məsələnin daha çox ictimailəşməsi bəlkə də mənim də, abonentlərin də xeyrinədir. Niyə? Səmimi cavab vermək istəyirəm. Bu məsələdə sosial mediada “Azəriqaz”ın üzərinə gedilməyə başladılar. Biz vətəndaşlara başa saldıq ki, işlətdiyiniz sayğaclar da smart deyil. O da elektrondur. Sadəcə onların klapan hissəsi var, qaz həcminə uyğun olaraq həmin klapan qaz buraxır. Cənab prezidentin smartlaşmayla bağlı xüsusi sərəncamı var. Hazırda müvafiq işlər gedir smartlaşmayla bağlı. Smart sayğac o deməkdir ki, sayğacı biz görə bilirik, məlumat ala bilirik. Smart kartla işləyən sayğacları isə biz görə bilmirik. Smart hissəsi onun ödəniş hissəsidir. Sayğacın özü smart qurğusu deyil. Mexaniki sayğaclar da elektron sayğacdı. Tək fərqi ödəniş klapanının olmasıdır.

- İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həyata keçirilir. Gələcəkdə dediyiniz smart sayğaclardan bu layihədə istifadə etməyi düşünürsünüzmü?

 - Avropada smart sayğaclar qadağandır. Onlarda da adi mexaniki sayğaclardır. Çünki smart sayğaclar həm işlədicini aldadır, həm də qarşı tərəfi. Məsələn 100 manat ödədiz, min kub qaz aldınız. Həmin min kubu sayğacınıza yüklədiniz. Həmin qazı siz 2, 3, 4 ilə də işlədə bilərsiniz. Avropa bu sistemdən geri dönüb. Şükür ki, bizdə kommunal xidmətlər üzrə əhalinin ödəniş mədəniyyəti çox yüksək səviyyədədir. Yəni bizim 8 aylıq üzrə ödənişimiz 137%-dir. Bu da yüksək göstəricidir. Ona görə də, dövlətin vəsaitinə qənaət etməliyəm. Əgər risk yoxdursa mən niyə bahalı sayğac qoymalıyam. Bunu mən sosial şəbəkələrdə insanlara başa salmağa çalışdım. İndi xüsusi smart qurğu var ki, biz sayğacı görə bilirik, oxuya bilirik. Bizə də bu lazımdır. Sayğacı görə bilmək, borcu olduğu təqdirdə onu bağlamaq. Artıq 30 minə yaxın smart qurğu quraşdırmışıq.

-Feysbukda bir izləyici yazmışdı ki, mexaniki sayğac qoyulandan xərcim çoxalıb.

-İnanın ki heç bir fərq yoxdur.

-Sosial şəbəkələrdə aktivsiniz. Sizə görə şikayətlər çoxdurmu?

-Sosial şəbəkələrdə fəaliyyətimizin müsbət qarşılandığını görürəm. “Azəriqaz” rəhbəri olandan bəri, ay ərzində bizə minə yaxın şikayət yazırdılarsa, bu rəqəm aşağı enib. Məsələn: 6 ayda ümumi kommunallar üzrə minə yaxın şikayət olub, onun cəmisi 50-si “Azəriqaz”a aiddir. Yəni bu keçən ildən 4 dəfə azdır.

-Yəni siz belə deyək də, bu üsulla hirsli başları sakitləşdirdiniz.

  -Məsələn, əvvəl biz 10-15 min sayğac dəyişə bilmirdik. İndi isə məsələn, keçən ay 75 min sayğac dəyişmişik. Heç vaxt bizim yığımımız 100%-in üzərində olmayıb. İndi biz 137% yığım etmişik.

-Təbliğat, maarifləndirmə öz işini görüb yəni? Kadr probleminiz varmı?

-Bu gün hədəflər elə olmalıdır ki, bizim bəzi sahələr kadr potensiyalından asılı olmasın. Məsələn yaxşı bir qaynaqçı ola bilər. Amma belə deyək də, xidmət sahəsi var ki, o sistematik olmalıdır. O sistemlə idarə edilməlidir ki, abonentlə həmkarın ünsiyyətini minimuma endirək. Bunun üçün nə etdik. Dediyimiz mexaniki sayğaclar üzrə 50-55 min abonenti biz sıfır təmasa gətirib çıxarmışıq. Bu nədir? Ayda bir dəfə sayğacın şəklini çəkib, bizim whatsapp nömrəmizə, (077) 3 104-104 göndərir. Ona bir dəqiqə sonra sms gəlir ki, sizin bu qədər borcunuz var. Artıq sənin qapını döyən yoxdur, sənə müraciət edən yoxdur. Yəni bu cür təmasları biz sıfra endirdikcə bu məsələ yolunu tapır. Artıq bizim sosial şəbəkədə aktivliyimiz, bizim həmkarlarımızı daha çox sıxır ki, onlar vaxtında abonentlərlə ünsiyyətdə olsalar, görüşlər keçirsələr bu problemlər sıfra enər. Bizdə müxtəlif aksiyalar olur. Məsələn, poçt qutusu, açıq mikrofon aksiyası və sair. Yəni biz burada kritik bir şey eləmirik, sosial şəbəkədə paylaşırıq, istənilən mətbuat işçisi gəlib səs də yaza bilər, çəkə də bilər. Orada nəyisə gizlətmək mümkün deyil. Vətəndaşlar bunu gördükcə, bizim işçilər də öz məsuliyyətlərini anlayırlar ki, bu nə vaxtsa gedər rəhbərliyə çatar. Bizim açıq mikrofonda da şüarımız budur. Cənab prezidentin də tapşırıqları daim budur ki, hər bir məmur xalqın xidmətçisidir. Biz də xidmət təşkilatıyıq, bizim işimiz xidmət göstərməkdir. Ona görə də bu kadr potensiyalı məsələsində sistematik nəzarət qurulmasa, o kadrın istənilən vaxt motivasiyası aşağı düşəcək, fikirləşəcək ki, işləsəm də budu, işləməsəm də budu.

-Əmək haqqı məsələsi əməkdaşı qane edəcək səviyyədədirmi?

-  Açığı deyim ki, digər kommunal xidmətlərə görə, bizdə əmək haqqı kifayət qədər normaldır. Fəhlədən tutmuş mühəndisə qədər.

-Sizdə işçilər üçün əlavə stimullaşdırıcı nəsə varmı? Yəni əmək haqqıdan əlavə?

-Bəli. Bizdə peşəkarlığa görə, əlavə əmək haqqı verilir. Kim ki, peşəkar fəaliyyət göstərir, onların yerli rəhbərləri bizə müraciət edir. Yəni onu da biz sistemləşdirmişik. Çünki hərənin öz ərazisi var və öz ərazisinə görə bizdə bazada şəxsi məlumatları var. Yığım faizi və itki. Bu faizlər hər ikisi müsbətdirsə, əlbəttəki həmin işçi peşəkar sayılır. Bu abonentin görmədiyi tərəfdir. Digər tərəf də var ki, bizdə hər bir həmkarın statistikası var ki, onun adı sosial şəbəkədə nə qədər hallanır? Bizdə həm də yaşıl və qırmızı kart məsələsi də var. Yaşıl kart verilən işçiyə bizim həmkarlar ittifaqı tərəfindən hədiyyələr, fəxri fərmanlar verilir. Qırmızı kart isə növbəti dərəcə artımı zamanı istifadə edilir.

İctimai şuraya biz desək aktiv olun, bu bizim marağımızda deyil

 

-İctimai şuradan danışaq. Onların fəaliyyəti vətəndaşa nə verir?

-Biz ictimai şuranı yaradanda söhbət oldu ki, burada hər şey şəffaf olsun. Hətta bəzi QHT rəhbərləri var ki, özüm də müraciət etdim ki, gəlsinlər iştirak etsinlər. Düzdür onlar gəlmədi. Ancaq bu günki ictimai şuranın komandasından narazılığım yoxdu. Fəaliyyətləri də müsbətdir. Biz istərdik ki, ictimai şura elə formalaşsın ki, hər iki tərəfdə, həm abonent, həm də “Azəriqaz” tərəfdə inam formaşsın. Hər iki tərəfin inamını qazanmaq lazımdır. Bu inamı qazanmaq üçün də hər iki tərəf arasında tərəzi rolunu oynamaq lazımdır. Ümumiyyətlə ictimai şura Azərbaycanda hələ gəncdir. 5 il bundan qabaq bunu düşünsəydik, ağlımıza gəlməzdi ki, biz bir yerdə otururuq, müzakirələr edirik.  Yəni səmimiyyət ortada var.

-Açıq mikrofon layihənizdə ictimai şuranın üzvləri iştirak edirmi? Onların hansısa töhvələri varmı? Məsələn siz direktor kimi feysbukda fəaliyyətiniz daha aktivdir nəyinki ictimai şuranın üzvülərinin fəaliyyəti.

-Belə deyək də, bizim ictimai şuraya heç bir təsir gücümüz yoxdu. Azərbaycanda ümumiyyətlə kommunal xidmətlərin bünövrəsi sosial xarakterli qurulub. Kim deyirsəki, kommunal xidmətlər biznes kimi fəaliyyət göstərir, belə bir şey yoxdur. Bu dünyanın müxtəlif ölkələrində fərqlidir. İctimai şuraya biz desək aktiv olun, bu bizim marağımızda deyil. Ancaq biz onları açıq mikrofonlara dəvət edirik. Yəni bu fəaliyyəti artırmaq onların səlahiyyəti çərçivəsindədir.

-Əslində buna bir jurnalist kimi biz də nəzarət etməliyik.

- Məsələn mənim feysbuk dostlarım, rayonlardan olan insanlar, blogerlər, jurnalistlər, sıravi vətəndaşlar onlarla mən daha çox işləyirəm. Harada nəsə görürlərsə tez yazırlar. Olunan müraciətlərin 99%-i öz həllini tapıb. Bəzi hallarda işlə bağlı olur ki, mən lazımi məsləhətləri verirəm ki, CV doldurun, insan resurslarına müraciət edin, lazımi dəstəyi verirəm.

Qarabağla bağlı hansı planlar var?

-Proqram tam açıqlanmayıb. Qarabağla bağlı cənab prezidentin tapşırığı ilə xüsusi qruplar yaradılıb. Biz də həmən qrupun nəzdindəyik. Bununla  Energetika nazirliyi məşğul olur.

Şöhrət El-Dəniz.