Yadıma hələ 20 il öncə milli rəqslərimizin mənşəyinə dair yazdığım məqalə düşdü. Təbii ki, araşdırmamda ilk olaraq mezolit dövrünün ibtidai incəsənətinə, Qobustan qayaüstü abidələrimizdə öz əksini tapan yallıyabənzər rəqslərin yaranma, formalaşma tarixilə bağlı ehtimallarıma yer vermişdim. Hələ xalq olaraq təşəkkül tapmadığımız zaman kəsiyindən ta günümüzə rəqslərimizin keçdiyi təkamül yoluna bir məqalə ilə işıq tutmaq əlbəttə ki mümkün deyil. Etraf edək ki, etnoqraflarımızın, sənətşünaslarımızın bu sahədəki araşdırmaları az deyil. Zira, onu da etraf edək ki, sistemli və fundametal tədqiqatlara ehtiyacımız var.
Yallı, Cəngi, Tərəkəmə, Uzundərə, Misri, Xançobanı, Heyvagülü, Turacı, Qazağı, Darçını, Qızılgül, Mirzeyi, İnnabı, Gəlinatlandı (vağzalı) Qoçəli kimi rəqslərimizin yazılı ədəbiyyatda təsnifatı, məqam ölçüsü haqqında yetərincə məlumat olsa da onların mənşəyi, yaranması barədə tədqiqatlar epizodik xarakter kəsb etməsi də reallıqdı.
Tarixi-etnoqrafiq tətdiqat tərəfindən fərqli olaraq rəqslərimizin praktik həyat vəsiqəsi daha uğurludur. Biz hamımız toyda, şənlikdə milli rəqslərimizə müraciət edən soydaşlarımızı görür, özümüz də oyanayırıq. Fikirimcə bu gün ümumdünya rəqs günündə peşəkar rəqqaslarımızı yad etmək, dünyasını dəyişənlərə rəhmət, həyatda olanlara can sağlığı arzulamaq yerinə düşərdi. Eynən gənclərin hər ritmində özündə tarix etiva edən milli rəqslərimizin yaşadılmasındakı xidmətlərini alqışlamalıyıq.
Əminə Dilbazi, Afaq Məlikova, Zita Babazadə, Kamil Dadaşov, Böyükağa Məmmədov, Tamilla Məmmədova, Təranə Muradova, Roza Cəlilova kimi peşəkar rəqqaslarımızın onilliklər boyu milli rəqslərimizin səhnə həyatındakı əvəzsiz rolu danılmazdır. Yeri gəlmişkən kiçik bir yazıda bu sahədə xidmətləri olanların hamısını xatırlamaq əlbəttə mümkünsüzdür. Elə yazı üçün şəkil verməyə də tərəddüd etdim. Fikrimcə elə qədim Yallının ilkin formasını özündə əks etdirən Qobustan qayaüstü abidələrimizdən bir fraqment daha uğurlu seçim olar.
Beynəlxalq rəqs günündə bütün peşəkar rəqqaslarımızı təbrik edir, bütünlüklə isə hamıya öz doğmalarının, yaxınlarının şad günündə, toy-düyünündə qol qaldırıb rəqs etməyi arzulayıram!
Pərviz Yəhyalı
visiontv.az