Bu gün Abay Kunanbayevin 177 yaşı tamam olur
10.08.2022

Bu gün Türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı tamam olur.

Bu münasibətlə Qazaxıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov azərbaycanlı abayşünaslar və abaysevərlərlə görüş keçirdi. Abay Kunanbayevin Binəqədi rayonunda  adını daşıyan küçədəki memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edildi.

Qazaxıstanlı diplomat Serjan Abdukərimov qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini , onun yazıb qoyduğu ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söylədi. Eyni zamanda qeyd etdi ki, Abayın  ədəbi irsi bütün türk dünyası üçün önəmlidir. Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib. O eyni zamanda  qardaş Azərbaycan xalqına  Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə  minnətdar olduğunu  bildirdi. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasını da Türkdilli Dövlətlərinin Birliyi yolundakı əhəmiyyətindən, Abayın təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışdı. 

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında  qurulan Qazax çadırında davam etdi. Qazaxıstanlı səfir  tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd”  kitabının təqdimatı oldu. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səsləndi. İtaliyanın Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa etdi.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid məlumat sərgilərinə baxdılar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verildi. Qazax süfrəsinin təamları təqdim olundu.

Fotolar Serikbol Koşmaqambetova aiddir

Visiontv.az