Bu gecə niyyət axşamıdır, sabah Ramazan ayının 1-dir
13.04.2021

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Visiontv.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən bu il Ramazan ayı miladi təqvimi ilə Azərbaycanda aprelin 14-də başlayır.

Bildirək ki, Ramazan – müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.

Sabah İmsak vaxtı 04.30; Sübh azanı 04.40; Şam namazı 19.25

Visiontv.az-ın kollektivi bütün İslam aləmini o cümlədən Azərbaycan xalqını Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edir. Bu ayda edilən bütün duaları Allah dərgahında qəbul olunmasını diləyir.

Ramazan ayınız mübarək olsun!