Britaniya Moldovanı NATO standartlarına uyğun silahlandırmaq istəyir
21.05.2022

Böyük Britaniya Moldovanı NATO standartlarına uyğun silahlandırmaq niyyətindədir ki, işğal halında özünü müdafiə edə bilsin. İndi London bu məsələ ilə bağlı müttəfiqlərlə danışıqlar aparır.

Bu barədə ölkənin xarici işlər naziri Liz Truss “The Telegraph” qəzetinə müsahibəsində deyib

"Mən Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Bu, bizim müttəfiqlərimizlə apardığımız müzakirədir. Putin böyük Rusiya yaratmaq ambisiyalarını tamamilə açıq şəkildə ifadə edib. Və Kiyevi ələ keçirmək cəhdlərinin baş tutmaması faktı o demək deyil ki, o, bu ambisiyalarından əl çəkib”.

O izah edib ki, bu plan qəbul olunarsa, NATO üzvləri Moldovanı sovet dövründən qalma avadanlığı əvəz edən müasir silahlarla təmin edəcək və əsgərlərə onlardan istifadə qaydalarını öyrədəcək:

“Bu addım Britaniyanın regionda hərbi dəstəyinin nəzərəçarpacaq dərəcədə genişlənməsinə imkan yaradacaq".

Xatırladaq ki, bir müddət əvvəl “The Times” Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən yazmışdı ki, Rusiya Moldova ərazisini işğal etmək üçün artıq dəqiq plan hazırlayıb. Respublika üçün əsas təhlükənin tanınmamış DnestryanıRespublika olduğu iddia edilir.

Eyni zamanda Moldova prezidenti Maia Sandu bəyan edib ki, Moldova ərazisinə hərbi əməliyyatların yayılması riski hələlik yoxdur.

Əli Əliyev

visiontv.az