Qeyri-qanuni miqrantlar Böyük Britaniyada müddətsiz yaşayış icazəsi almaq üçün indiki kimi 5 deyil, 20 il gözləməli olacaqlar. Hökumət miqrasiya siyasətini sərtləşdirir. Bu barədə daxili işlər naziri Şabana Mahmud "The Sunday Times"a müsahibəsində danışıb.
Nazirin dediyinə görə, qərarın məqsədi ölkəni "hissələrə parçalayan" qeyri-qanuni miqrasiyanı dayandırmaqdır: "Mənim üçün hazırda Avropanın təhlükəsiz ölkələrindən keçərək Fransanın şimalında qayığa minməyə çalışanlara çox açıq bir siqnal göndərmək vacibdir: bu səyahət buna dəyməz".
Yeni qaydalarla qeyri-qanuni gələn miqrantlar üçün 20 illik gözləmə müddəti təyin edilir ki, bu da Avropada ən uzun müddətdir. Yeni qanuni proqramlar üzrə gələn qaçqınlar isə daimi yaşayış icazəsinə müraciət hüququ qazanmaq üçün 10 il gözləməli olacaqlar. Bundan əlavə, qaçqın statusu müvəqqəti veriləcək, hər 30 aydan bir yenidən qiymətləndiriləcək. Bu müddət ərzində onların ölkəsi "təhlükəsiz" sayılsa, geri göndəriləcəklər.
Ş.Mahmudun sözlərinə görə, hökumətin məqsədi ölkəni birləşdirmək, sərhədlər üzərində nəzarəti bərpa etməkdir.
"The Sunday Times" yazır ki, Britaniyanın planı Danimarkanın islahatlarına söykənir. Həmin ölkədə sığınacaq müraciətlərinin sayı son 40 ilin minimumuna enib, müraciət edənlərin 95 faizi rədd cavabı alır.
visiontv.az