Dünyada yaşanan son proseslər NATO-nu daha çevik siyasət yürütməyə məcbur etdiyi kimi, Azərbaycanın da bu hərbi blokla əməkdaşlığı genişləndirməsi günün tələbinə çevrilir.
İndi həm NATO-nun Azərbaycan üçün, həm də Azərbaycanın NATO üçün hərbi və geostrateji əhəmiyyəti daha da artıb. Bu mənada rəsmi Bakının Azərbaycanın NATO standartlarına keçməsi barədə bəyanatı Avropa paytaxtlarında normal qarşılanır.
Ancaq eyni sözü şimal qonşumuz haqda isə demək mümkün deyil. Belə ki, Kreml Azərbaycan Ordusunun və təhlükəsizlik korpusunun NATO standartlarına keçidindən ciddi şəkildə narahatdır.
Rusiya özü bütün qonşuları və o cümlədən Azərbaycan üçün ən böyük və birbaşa təhdid mənbəyi olduğu halda, Putin Azərbaycanın hərbi sahədə NATO standartlarına keçmək qərarını və bu istiqamətdə Türkiyə ilə (oxu: NATO üzvü ilə) sıx əməkdaşlıq etməsini heç cürə həzm edə bilmir.
Bunu Putinin boşboğaz sözçülərindən biri olan Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulınin son açıqlamasından da görmək mümkündür.
Zatulin, Azərbaycanın hərbi sahədə NATO standartlarına keçmək qərarını şərh edərək bu addımın gözlənilməz olmadığını bildirib və əlavə edib ki, Azərbaycan artıq uzun müddətdir ki, Rusiyadan asılı olmayan müdafiə və siyasi xətt yürüdür, İlham Əliyevin son bəyanatı (oxu: Azərbaycan Ordusunda NATO standartlarının tətbiqi haqqında bəyanat) isə illərdir praktikada mövcud olan vəziyyəti, sadəcə, rəsmi şəkildə təsdiqləyib.
Rusiyalı deputatın sözlərinə görə, Bakı ilə NATO Alyansı arasında əməkdaşlıq artıq uzun müddətdir ki, Türkiyə vasitəsilə həyata keçirilir.
Sitat:
“Faktiki olaraq Azərbaycanın Türkiyə ilə ortaq ordusu və birgə komandanlığı, həmçinin hərbi-siyasi ittifaqı mövcuddur. Buna görə də Azərbaycanın NATO standartlarına keçməsi barədə bəyanatına təəccüblənməyə əsas yoxdur”.
Bəli, Rusiya artıq təəccüblənmir. Çünki Azərbaycan tərəfi şimal qonşumuzun bütün süni əngəllərinə baxmayaraq son illərdə NATO standartlarına keçid istiqamətində həqiqətən də çox uzun məsafə qət edib. Burada təəccüblənəsi heçnə yoxdur. Ona görə də Rusiya da artıq təəccüblənmir. Lakin qıcıqlanır, qəzəblənir, bərk narahatlıq keçirir və həm də elə bu narahatlıqdan irəli gələrək regiondakı bütün prosesləri diqqətlə izləyir.
P.S.
Göründüyü kimi ortada həm də Azərbaycan-Türkiyə birliyinə qarşı açıq şəkildə qısqanclıq var. Və Moskva bunu da gizlədə bilmir.
P.P.S.
O ki qaldı Zatulinə, bu bədbəxt ermənipərəst varlıq bizim nəzərimizdə karvana hürən köpək qismindədir. Karvanımız isə öz yoluna davam edir.
Bəybala Mirzəyev
visiontv.az