"Bir güllə ilə iki quş" taktikasının diplomatiyada tətbiqinə klassik nümunə...- Aydın Quliyev
26.07.2021

Azərbaycanın bölgələrinə ən yeni səfəri zamanı prezident İlham Əliyevin müharibədən sonrakı regional geosiyasətin əsas elementlərindən biri sayılan Zəngəzur dəhlizi barədə dünyaya aydın, konkret və hücum xarakterli mesajı oldu-Zəngəzur dəhlizinin açılmasını istəməyən Ermənistandır.

Vəziyyəti xeyli dərəcədə  aydınlaşdıran və irəliyə hərəkəti şərtləndirən mesajdır. Buna qədər bəziləri dəhlizin gecikməsinin müxtəlif səbəblərini göstərir, Rusiyanın özünü və İranı ardıcıl olmamaqda günahlandırırdı. Birmənalı təyinat verildi-dəhlizi də, 10 noyabr razılaşmasının icrasını da əngəlləyən Ermənistandır. Heç şübhə yoxdur ki, İlham Əliyevin ən sonuncu Moskva səfərində Putinlə müzakirə etdiyi və əslində yerindən tərpətdiyi əsas məsələlərdən biri bu olub.

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı heç şübhəsiz dəhlin açilması prosesində yeni mərhələ olacaq. Bu, bütünlüklə 10 noyabr razılaşmasının fasiləsiz və tam icrasına nail olmaq yollarında məhz Azərbaycanın təşəbbüskarlığından doğan ikinci təkan olacaq. Məlumdur ki, ilin əvvəlində 10 noyabr razılaşmasının  icra edilməsində lənglik barədə Azərbaycan prezidentinin narahatlıqları və təşviqedici bəyanatları yanvarın 11-də Moskvada yeni sənədin imzalanması ilə nəticələndi. Prezident bir daha nümayiş etdirdi ki, regional sülhyaratma prosesində ən güvəniləsi qüvvə Azərbaycandır. Beləliklə, Prezident İlham Əliyev iqtisadi əlaqələrin bərpası və kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar sənədi ilə Ermənistanın postmünaqişə siyasətinin də  əsil mahiyyətini göstərən yeni mərhələ açdı. Bu mərhələnin ən parlaq təzahürü odur ki, Ermənistan heç bu əlaqələrin  də bərpasında maraqlı deyilmiş. Baxmayarq ki, iqtisadi əlaqə və kommunikasiyaların bərpası Ermənistanın özünə hamıdan çox lazımdır. Ancaq Ermənistan özü üçün iqtisadi nəfəslik olan iqtisadi əlaqələrin bərpasını siyasi -təcavüzkar ambisiyalara qurban verir və blokadadan çıxmaq istəmir. Onun hazırda məntiqi budur : " Qoy blokadada boğulmaqda davam edək, ancaq davamlı sülhə imkan verməyək və dünyaya göstərək ki, Azərbaycan düz demir, münaqişə hələ həll edilməyib". Ermənistanın hazırkı siyasətində sülh üçün bu cinayətkar hədəfi ifşa etmək baxımından bizim Prezidentin axırıncı bölgə səfərlərində açıqladığı ilginc bir xəbər  təqdirəlayiqdır. Prezident dedi ki, kommunikasiyaların açılması üzrə üçtərəfli hökumətlərarası komissiya Ermənistanın təqsiri üzündən iyunun əvvəlindən toplaşmır və Rusiya rəsmiləri tərəflərlə ayrılıqda görüşüb müzakirə aparır. Deməli,  Azərbaycan prezidenti bu gün Ermənistanın əslində 11 yanvar razılaşmasının da icrasını pozduğunu dəqiq göstərdi.

Bu mənada Azərbaycan prezidentinin Zəngəzur dəhlizi ilə bağlı  Ermənistanı ittiham edən dəqiq bəyanatı iki mühüm hədəfə tuşlanıb

- Ermənistanı həm dəhlizin açılışını sürətləndirməyə vadar etmək, həm də üçtərəfli komissiyanın işinə qayıtmağa məcbur etmək. Bunların biri 10 noyabr, digəri isə 11 yanvar üçtərəfli razılaşmanın icrası yolunda məhz Ermənistanın yaratdığı problemlərdir.

"Bir güllə ilə iki quş" taktikasının diplomatiyada tətbiqinə klassik nümunə...

Visiontv.az