Belarusun Baş naziri Gəncəyə səfər edib - FOTOLAR
Belarusun Baş naziri Gəncəyə səfər edib - FOTOLAR
20.05.2022 MEDİA Tərəfindən

Belarusun Baş naziri Roman Qolovçenko rəhbərlik etdiyi nümayəndə heyəti ilə bərabər Azərbaycana səfər edib. Səfər çərçivəsində Baş nazir Gəncə şəhərində olub. Rəsmi qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qarşılayıb. 

Əvvəlcə qonaqlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər. 

Niyazi Bayramov Baş nazirə məlumat verib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutub, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışıb. Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar olmaqla 26 mülki şəxs həlak olub, yüzlərlər dinc sakin yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qonaqlar  şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

Daha sonra Belarus Respublikasının Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub. Birliyin Müşahidə Şurasının Sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə Baş nazirə və digər belaruslu nümayəndə heyətinə məlumat verib. Bildirilib k, 2006-ci ildə Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə Avtomobil Zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına  başlanılıb. Bu günə  qədər müəssisədə 12200-ə yaxın  8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın  MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə  istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-ci ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş”  açıq tipli səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Zavodumuzda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir. 

Müəssisə ilə yaxından tanışlıqdan sonra  Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun iştirakı ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi və Belarus müəssisələri arasında əməkdaşlıq memarandumu və müqavilə imzalanıb. İlkin olaraq traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun direktoru V. Vovk müqavilə imzalayıblar. Sonra Belarusun Qomselmaş şirkətinin direktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət memarandumunu imzalayıblar.

Binnət İsmayılov
Visiontv.az